2016-cı ildən Azərbaycanda valyuta mübadiləsi əsasən banklarda (baş ofislər, filial və şöbələrdə) həyata keçirilir, valyutadəyişmə məntəqələri qapadılıb. Novator.az-ın məlumatına görə, iqtisadçı Samir Əliyev həmin məhdudiyyəti xatırladaraq yazır ki, Dövlət Neft Fondu 2021-ci ilin mart ayında satdığı valyutanı 397,7 milyon ABŞ dolları məbləğində göstərib: “Bu, 2017-ci ildən bəri martın ən aşağı göstəricisidir. Fond 2017-ci ilin martında 250 milyon dollar, 2018-ci ilin martında 647 milyon dollar, 2019-cu ilin martında 600,5 milyon dollar məbləğində valyuta satmışdı. Ötən ilin mart hərraclarında isə fonddan 1 milyard 928,3 milyon dollar alınmışdı.
2021-ci ilin ilk rübünün nəticələri valyuta satışında qənaətin olduğunu göstərir. Üç ay üzrə satılması nəzərdə tutulan valyutanın həcmi orta hesabla 1,8 milyard dollar olmalı idi. Reallıqda satılan valyutanın həcmi 1,5 milyard dollara çatmır. Birinci rübdə 314 milyon dollarlıq valyutaya qənaət edilib”.
Novator.az bildirir ki, Dövlət Neft Fondu Mərkəzi Bankın 2021-ci ilin yanvar-mart aylarında keçirdiyi valyuta hərraclarında 1 milyard 479,9 milyon dollar satıb. Yanvarın hərraclarında fonddan 644,9 milyon dollar, fevralın hərraclarında 437,3 milyon dollar, martın hərraclarında 397,7 milyon dollar alınıb.
2015-ci ilin devalvasiyaları nəticəsində dolların rəsmi məzənnəsi 0,7844 manatdan 1,5594 manata yüksəlib.
2016-cı ildə rəsmi qiymət 1,7707 manata çatıb.
2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.
Dövlət Neft Fondu manatı qorumağa 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard dollar sərf edib.