Müsavat Partiyası Şuşa şəhərində Rusiyaya məxsus “İskəndər-M” raketi qalıqlarının tapılması ilə əlaqədar bəyanat qəbul edib.
Partiyanın mətbuat xidmətindən Novator.az-a verilən məlumata görə, bəyanatda deyilir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları işğaldan azad edilmiş Şuşa şəhəri ətrafında “İskəndər” raketlərinin qalıqlarını aşkarlayıblar: “Həmin raket qalıqlarının Rusiyanın Ermənistana verdiyini rəsmən açıqladığı “İskəndər-E” modifikasiyasına deyil, raket komplekslərinin daha uzaq mənzilli və nüvə başlığı daşıya bilən “İskəndər-M” versiyasına aid olduğu ortaya çıxıb.
500 kilometr məsafə qət etmək gücündə olan bu versiya orta mənzilli raketlər sinfinə aiddir. Belə raketlərin ixracı 1987-ci ildə ABŞ-la SSRİ arasında imzalanan, yaxın və orta mənzilli raketlərin məhv edilməsinə dair müqavilənin tələblərinə tamamilə ziddir.
ANAMA raketin identifikasiya nömrəsini və düşdüyü ərazinin coğrafi koordinatlarını da açıqlayıb. Həm Azərbaycanın, həm də Rusiyanın hərbi ekspertləri bu identifikasiya nömrəsinin məhz Rusiyanın istifadəsindəki “İskəndər-M” raket komplekslərinə aid olduğunu təsdiqləyib”.
Bəyanatda Müsavat Partiyası bu faktı Rusiyanın Qarabağ müharibəsində nəinki Ermənistana hərbi-siyasi dəstək verdiyinin, hətta hərbi əməliyyatlara bilavasitə qoşularaq Azərbaycana nöqtə zərbələri endirdiyinin – hərbi aqressiyanın sübutu kimi qiymətləndirir.
Müsavat hesab edir ki, Azərbaycan hakimiyyəti rəsmi Moskvdan izahat tələb etməklə yanaşı 44 günlük Qarabağ müharibəsində Rusiyanın qadağan olunmuş silahlarından Azərbaycana qarşı itifadə olunması faktları ilə bağlı beynəlxalq təşkilatlara rəsmi müraciət etməli, Qarabağ nizamlanması prosesinin Rusiyanın monopoliyasından çıxarılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirməlidir.
Partiya Azərbaycan ictimaiyyətini və siyasi qüvvələri bu məsələdə həmrəylik nümayiş etdirməyə, ölkənin maraqlarına uyğun olaraq prinsipial mövqe ortaya qoymağa çağırır.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib.
Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il sentyabrın 27-dən apardığı əməliyyatlarda və 10 noyabr atəşkəsində əldə olunan razılaşma nəticəsində ərazilərin böyük qismi azad edilib. Hazırda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Laçın rayonları və keçmiş Ağdərə rayonu qismən Azərbaycanın nəzarətindədir.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun bir neçə kəndi bölgədə atəşkəsə məsul olan Rusiya Ordusu bölmələrinin əlindədir.