Aprelin 1-də prezident İlham Əliyev Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdarı və “ASELSAN” şirkətinin idarə heyətinin rəhbəri və baş direktoru Haluk Görgünü qəbul edib.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı prezident İlham Əliyev Vətən müharibəsi zamanı Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın və Türkiyə xalqının Azərbaycana dəstəyini xüsusi vurğulayıb.
Türkiyənin müdafiə sənayesinin əldə etdiyi nailiyyətlərə toxunan prezident İlham Əliyev Səlcuq Bayraqdarın bu uğurların önündə getdiyini deyib, “Baykar” şirkətinin istehsal etdiyi məhsulların torpaqlarımızın azad olunması zamanı düşmən texnikasının məhv edilməsindəki rolunu qeyd edib.
Dövlət başçısı Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin gücləndirilməsinə, əməkdaşlığın inkişafına, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətindəki haqq işinə verdiyi töhfəyə görə Səlcuq Bayraqdarın “Qarabağ” ordeni ilə təltif edildiyini bildirib və ordeni ona təqdim edib.
Yüksək mükafata görə Azərbaycanın dövlət başçısına təşəkkürünü bildirən Səlcuq Bayraqdar deyib: “Həqiqətən də bu mənim üçün böyük bir qürur və şərəfdir”.
Novator.az xatırladır ki, Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub.
Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb, dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun bir neçə kəndi bölgədə atəşkəsi qorumağa məsul olan Rusiya Ordusu bölmələrinin nəzarətindədir.