İqtisadçı Rövşən Ağayev Mərkəzi Bankın 2020-ci il üzrə ödəmələr balansı statistikasına nəzər salıb. Novator.az ekspertin açıqlamasını təqdim edir: “İlin yekunlarına görə, cari hesabda 227,6 milyon dollar, tədiyyə balansının ümumi saldosunda 1 milyard 988 milyon dollar defisit yaranıb. Ümumi defisit əsasən maliyyə hesabında yaranan təxminən 2,4 milyard dollar xalis kapital çıxışı ilə bağlı olub. 2019-cu ildə əksinə idi – maliyyə hesabında 130 milyon dollar artıqlıq qeydə alınmışdı.
Kapital çıxışının 1 milyard dolları ölkədən xaricə birbaşa və portfel formasında, 1,4 milyard dolları isə digər investisiyalar (depozitlər, nağd valyuta, kreditlər və s.) formasında kapital ötürülməsi ilə bağlıdır. Təkcə depozit və nağd valyuta formasında xalis kapital çıxışı 1,3 milyard dollara yaxın göstərilir.
Tədiyyə balansındakı defisitə baxmayaraq hökumət bəyan edir ki, aktivləri yenidən qiymətləndirmək nəticəsində valyuta ehtiyatları əvvəlki ilə nisbətən 353 milyon dollar artıb.
Rüblər üzrə təhlil göstərir ki, həm cari hesabda, həm də ümumi saldoda qeydə alınan defisit əsasən ikinci və üçüncü rüblərdə formalaşıb. İlin son rübündə göstəricilərdə ciddi dəyişiklik olmayıb və bu da daha çox neftin yaydan sonra bahalanması ilə bağlıdır.
Turizmlə bağlı daxilolmalar 6 dəfəyədək azalıb.
Mərkəzi Bankın balanlaşdırıcı maddə kimi qeyd elədiyi, beynəlxalq metodologiyada xalis xəta və kənarlaşma kimi əks olunan maddə üzrə ölkəyə 648 milyon dollar kapital girişi baş verib. Bu maddə tədiyyə balansının heç bir bölməsində uçota alınmayan, lakin maliyyə sistemində ortaya çıxan xarici valyuta kütləsinin həcminə əsasən təyin edilir. Xalis xəta və kənarlaşma maddəsi üzrə 648 milyon dollarlıq kapital girişi tədiyyə balansının ümumi defisitinin azalmasında əhəmiyyətli rol oynayıb”.