Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayev Azərbaycan vətəndaşlığından çıxmaq istəyir, bunun üçün prezident İlham Əliyevə müraciət edib. Məhbusun anası Zeynəb Abdullayeva “Turan” agentliyinə deyib ki, oğlu ona qarşı haqsızlıqlara etiraz olaraq belə addım atır.
Məlumata görə, Hüseyn Abdullayev dövlət başçısına müraciətində qeyd edib ki, 2018-ci ildə məhkəmə qərarı olmadan qanunsuz həbs edilib.
Sabiq deputat bildirib ki, mənəvi-psixoloji işgəncələrə məruz qalır, səhhətində ciddi problemlər yarandığından həyatını itirmək təhlükəsi ilə üz-üzədir: “Azərbaycan vətəndaşlığından çıxmaq qərarına gəlmişəm. Öz elimdə özgəyə dönməyim və adını hər zaman qəlbimdə daşıdığım Azərbaycanda düşmən kimi qəbul olunmağım məni belə bir ağır qərar verməyə vadar edib”.
Novator.az bildirir ki, Hüseyn Abdullayev 1967-ci ildə doğulub. Bir vaxtlar Yeni Azərbaycan Partiyası hakimiyyətinə yaxınlığı ilə tanınıb.
2005-ci ildə 25 saylı Nizami seçki dairəsindən (Bakı) deputat seçilib. Milli Məclisin 2007-ci il martın 16-da keçirilən iclasında onun deputat Fəzail Ağamalı ilə davası düşüb. Martın 19-da Milli Məclis baş prokurorun təqdimatına əsasən Hüseyn Abdullayevin deputat toxunulmazlığını ləğv edib. Ona xuliqanlıq və döymə ittihamları ilə cinayət işi qaldırılıb. Həmin gün Nəsimi Rayon Məhkəməsi Hüseyn Abdullayev haqda iki aylıq həbs qətimkan tədbiri seçib. Mayın 18-də Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası alan Hüseyn Abdullayev azadlığa buraxılıb və deputatlıqdan məhrum edilib.
2012-ci ildə Hüseyn Abdullayev Almaniyaya mühacirət edib və Azərbaycan hakimiyyətinə qarşı sərt çıxışlara başlayıb.
2013-cü ildə Azərbaycanda Hüseyn Abdullayevə vergidən yayınma ittihamı ilə cinayət işi başlanıb və o, beynəlxalq axtarışa verilib.
2016-cı ildə ona qanunsuz sahibkarlıq, 2018-ci ildə dələduzluq və hədə-qorxu ilə tələb etmə ittihamları da irəli sürülüb.
2018-ci ilin aprelində sabiq deputat Türkiyədə tutularaq ölkəyə gətirilib.
2019-cu il oktyabrın 1-də Bakı Hərbi Məhkəməsi Hüseyn Abdullayevə 6 il azadlıqdan məhrumetmə cəzası kəsib.