Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin şəxsi həyatı ilə bağlı video yayılması sərt etirazlar doğurub. Novator.az-ın məlumatına görə, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər özünün “Facebook” səhifəsində yazır: “Cəmil Həsənlinin qızının şəxsi həyatı ilə bağlı video yayılması rejimin əxlaqsızlığının növbəti təzahürüdür. Əvvəla, siyasi rəqibə zərbə vurmaq üçün onun ailə üzvünə hücum əxlaqsızlıqdır. İkincisi, vətəndaşın şəxsi həyatına belə bir müdaxilə əxlaqsızlıqdır. Üçüncüsü, qadını gizli kamera ilə çəkmək əxlaqsızlıqdır. Hakimiyyətdən bu əxlaqsızlığına son qoymasını tələb edirəm”.
Müsavat Partiyasının başqanı Arif Hacılı “Toplum TV”yə deyib ki, Azərbaycan hakimiyyətinin bu davranışları əvvəllər bəyan etdiyi “kişi kimi, ləyaqətli mübarizə aparmaq” iddiaları ilə üstə-üstə düşmür: “Siyasi rəqiblərin bu şəkildə təqib olunması, şəxsi həyata müdaxilə biabırçılıq, ləyaqətsizlikdir. Azərbaycan hakimiyyəti bu məsələlərlə əlaqədar davranışlarına son qoymalıdır. Əgər bu addımları birbaşa özlərinin atmadıqlarını iddia edirlərsə, dərhal istintaq aparıb hadisələri kimlərin törətməsinə aydınlıq gətirməlidirlər.
Bu, hakimiyyətin ölkə daxilində və dünyada onsuz da aşağı düşmüş nüfuzuna çox ağır zərbə vurur, cəmiyyətdə gərginliyi artırır. Məqsəd nüfuz qazanmaq, siyasi opponentləri məhv etmək olsa da, proses əksinə gedir. Sosial mediada gedən müzakirələrdən aydın görünür ki, sivil demokratik cəmiyyət uğrunda mübarizə aparan və sivil idarəçilik sistemini müsbət dəyərləndirən hər bir vətəndaş bu davranışları qəzəb və nifrətlə qəbul edir. Hakimiyyət sivil yolla mübarizə aparmaq imkanında olmadığını bildiyi üçün guya rəqiblərini nüfuzdan salmağa çalışır. Bu da əks-effekt verir”.
1952-ci il təvəllüdlü Cəmil Həsənli tarix elmləri doktorudur. Bakı Dövlət Universitetinin tarix fakültəsində müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışıb.
1993-cü ilin aprel-sentyabr aylarında Azərbaycan Respublikası prezidentinin müşaviri vəzifəsini tutub.
Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini olub. 2000 və 2005-ci illərdə Milli Məclisin deputatı seçilib.
2013-cü ildə Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi olub.