İqtisadçı Rövşən Ağayev Dünya Bankının Azərbaycanda sosial-iqtisadi vəziyyətlə bağlı yeni diaqnostik hesabatına ehtiyac görür. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, Dünya Bankının son diaqnostik hesabatı 2014-cü ilin sonunda hazırlanıb: “O vaxtdan bəri milli valyutanın kəskin dəyər itirməsi, neft gəlirlərinin xeyli azalması, axır bir ilin sərt karantin rejimi yeni diaqnostik hesabatın hazırlanmasını zəruri edir.
Dünya Bankının ekspertləri 2014-cü ildə Azərbaycan əhalisinin 29%-ni orta təbəqəyə aid etmişdilər. Hökumətin təqdim etdiyi rəqəm əsasında yoxsulların xüsusi çəkisi 6% göstərilmiş, yerdə qalan 60%-dən çox əhali həssas qruplar kimi təsnif olunmuşdu.
Orta təbəqə dedikdə ev təsərrüfatında hər nəfərin gündəlik istehlak xərcləri alıcılıq qabiliyyəti pariteti (AQP) ilə 10 dollar ekvivalentində məbləği ötən ailələr götürülüb. Dünya Bankının hesablamalarından çıxış etsək, AQP ilə 10 dollar istehlak həcmi nominal məzənnə ilə ən azından 30-35 dollara bərabərdir.
Həssas qruplar hökumətin yoxsul saydığı 6%-ə daxil olmasa da, Dünya Bankının orta təbəqə saydığı təminatlı əhali qrupuna da aid deyildi. Onların ani şoklardan dərhal yoxsul qrupa keçmək riski yüksək idi. Əlverişli mühit olacağı halda orta təbəqəyə keçid edəcəkləri ehtimalı da vurğulanırdı.
2014-cü ildən bəri Azərbaycan vətəndaşları və iqtisadiyyatı iki böyük sosial-iqtisadi şok yaşayıb: milli valyutanın kəskin dəyər itirməsi və uzun sürən sərt karantin rejiminin tətbiqi.
Bu baxımdan ölkədə əhalinin sosial vəziyyətinin obyektiv dəyərləndirilməsinə, yoxsulluğun etibarlı şəkildə ölçülməsinə ehtiyac yaranıb”.
Ekspert Dünya Bankının 2014-cü il hesabatından bir necə məqamı sitat gətirir:
– orta təbəqənin 64%-i şəhərlərdə, 36%-i kəndlərdə yaşayıb;
– əhalinin Bakı şəhərində 95%-i, digər şəhərlərdə orta hesabla 83%-i, kəndlərdə isə 33%-dən az hissəsi mərkəzləşdirilmiş su təminatına malik olub;
– kasıb əhalinin 61%-i kəndlərin, 39%-i şəhərlərin payına düşüb;
– yoxsulluq səviyyəsinə görə ən yaxşı və ən pis göstəriciyə malik bölgələr arasında fərq 6 dəfə olub.