Yeni il gələndən bəri Braziliya koronavirus pandemiyasında ən pis dövrünü yaşayır. Yoluxanların və ölənlərin sayı 2020-ci ilin son ayları ilə müqayisədə nəzərə çarpacaq dərəcədə artıb.
Novator.az-ın məlumatına görə, braziliyalı həkimlər ABŞ-ın CNN kanalına deyiblər ki, ən həyəcan doğuran məsələlərdən biri koronavirusun “cavanlaşması”, gənc və orta yaşlı insanlar arasında infeksiyaya yoluxanların sayının artmasıdır.
Hazırda Braziliyada koronavirusdan müalicə alan pasiyentlərin əksəriyyəti 30-50 yaş arasındadır.
Yanvar ayının ortasından indiyədək Braziliyanın bir neçə ştatında virusa yoluxmuş gənclərin sayı o qədər çoxalıb ki, xəstəxanalarda boş çarpayı qalmayıb.
Əvvəlki dövrlə müqayisədə indi koronavirusa yoluxan gənclər və orta yaşlı insanlar xəstəliyi daha ağır keçirirlər. Onların arasında ölüm halları da artıb.
Braziliya Səhiyyə Nazirliyinin rəsmi hesabatına əsasən, son üç ayda infeksiyadan ölənlərin 27 faizini 30-59 yaş arası insanlar təşkil edib.
Bu, ötən ilin dekabrından bəri 30-59 yaş arası insanlar arasında koronavirusdan ölənlərin sayının 7 faiz artması deməkdir.
60 və daha yuxarı yaşlı insanlar arasında virusdan ölənlərin sayı isə son üç ayda 7 faiz azalıb.
Braziliyalı rəsmilər bəyan edirlər ki, gənc pasiyentlərin 60 faizinin reanimasiya şəraitində müalicə almasına ehtiyac yaranıb.
Gənclər arasında yoluxma və ölüm hallarının artmasına səbəb koronavirusun Braziliya variantıdır. Elmi ədəbiyyatda COVİD-19-un bu variantı P.1 ştamı adlanır. P.1 ştamı özündə 17 nadir amin turşusu dəyişikliyini və 3 delesiyanı birləşdirir. Bu variant virusun əvvəlki növündən 2,2 dəfə daha yoluxucudur.
Braziliyanın “Fiocruz” Milli Səhiyyə Tədqiqat İnstitutunun mart ayında təqdim etdiyi hesabata görə, ölkənin altı ştatında COVİD-19-a yoluxanların yarısında P.1 ştamı, eyni zamanda virusun Britaniya və Cənubi Afrika variantları aşkarlanıb.
Braziliyalı epidemioloq Cezem Orellana CNN-ə deyib: “Ola bilsin, yeni variantlar daha öldürücüdür, lakin bunu təsdiqləmək üçün elmi sübutumuz yoxdur. Amma P.1 variantının daha yoluxucu olduğunu və ikinci dalğada böyük rol oynadığını dəqiq bilirik”.
Mütəxəssislər yeni il şənliklərinin də yoluxmaların artmasında rol oynadığını, gənclərin bu şənliklərdə çox iştirak etdiyi üçün daha çox yoluxduğunu vurğulayırlar.
Braziliyalı mikrobioloq Natalia Pasternak bildirir ki, COVİD-19-un yeni variantına indən belə də daha çox insan, o cümlədən gənclər yoluxacaq.
Braziliyada əhalinin virusa qarşı peyvəndlənməsi prosesi ləng gedir. Üstəlik, ilk növbədə yaşlılar peyvənd olunurlar. Bütün bunlar gənclər arasında yoluxma və ölüm hallarının daha da artacağı sarıdan narahatlıqlar yaratmaqdadır.
Əhalisinin sayı 210 milyon nəfər olan Braziliyada indiyədək 12 milyon 400 mindən çox adam koronavirusa yoluxub, onların 307 min nəfərindən çoxu vəfat edib.
Mənbə: CNN.com