Azadlığa çıxmış jurnalist Şəfəq Ağacan özünün “Facebook” səhifəsində açıqlama yayıb: “Əziz dostlar! Xeyli müddət sonra azadlığıma qovuşaraq sizin görüşünüzə gəldim. Bu müddət ərzində mənə dəstək olan, inancını itirməyən hər kəsə öz təşəkkürümü bildirirəm. Sağlam olun, azad olun!”
Novator.az bildirir ki, 1976-cı il təvəllüdlü Şəfəq Ağacan (Ağabalayeva) Bakı Slavyan Universitetini filoloq ixtisası ilə bitirib. 10 il Sumqayıtdakı 27 saylı orta məktəbdə rus dili müəllimi işləyib, sonradan jurnalist fəaliyyəti ilə məşğul olub.
Bakupress.az saytının təsisçisi və baş redaktoru olan Şəfəq Ağacan 2019-cu il mayın 1-də həbs edilib. İttihama görə, o, paytaxtın Nərimanov rayonunda narkotik vasitə satarkən yaxalanıb.
Jurnalist ittihamı qəbul etməyib, şərləndiyini deyib.
3 il müddətinə azadlıqdan məhrum edilən Şəfəq Ağacan bu il martın 18-də cəzasının çəkilməmiş hissəsindən azad olunub. Qərarı Xətai Rayon Məhkəməsi jurnalistin müraciəti əsasında çıxarıb.
Qanun böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə məhkum olunmuş şəxsin təyin edilmiş cəza müddətinin ən azı yarısını çəkəndən sonra azadlığa buraxılmasına imkan verir.