İqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu Türkiyə ilə əlaqələri dərinləşdirməyi təklif edir. Novator.az-ın məlumatına görə, o yazır ki, pandemiyaya baxmayaraq 2020-ci ildə Türkiyə iqtisadiyyatında 1,8 faizlik artım qeydə alınıb: “İnkişaf etmiş 20 ölkə arasında yalnız Çin və Türkiyə iqtisadiyyatlarını böyütməyi bacarıb. Prezident Rəcəb Teyyub Ərdoğan deyir ki, hökumət Türkiyəni dünyada ən böyük iqtisadiyyatlı 10 ölkədən birinə çevirmək üçün gecə-gündüz çalışır, əsas hədəf ölkə iqtisadiyyatına sərmayə qoyuluşunu və ixracı artırmaqdır.
Güclü və sürətli inkişaf edən iqtisadiyyatı olan Türkiyə Azərbaycana da çox lazımdır. Qarabağ probleminin tam həlli də bundan asılıdır. Odur ki, Azərbaycan qapılarını Türkiyə kapitalının, texnologiyasının və məhsullarının üzünə açmalıdır.
Təkliflərim bunlardır:
2022-ci ildən istehsalına başlanacaq Türkiyə milli avtomobilinin Azərbaycan bazarına girişi iki ölkə arasında Preferensial Ticarət Sazişi (PTS) çərçivəsində tənzimlənsin. PTS 15 adda mal və məhsulu əhatə edir. Türkiyə avtomobilləri hesabına Azərbaycanın avtomobil bazarı yenilənsin.
İşğaldan azad edilmiş ərazilərdə Türkiyənin kənd təsərrüfatı şirkətləri üçün sərmayə qoyuluşu təşviq olunsun, türk kapitalı ilə əmək tutumlu təsərrüfatlar və türk texnologiyalı emal müəssisələri yaradılsın.
Həmin ərazilərdə Türkiyənin trikotaj fabrikləri qurulsun, bu fabriklərdə buraxılan mallar Azərbaycan məhsulu adı ilə rüsumsuz olaraq Müstəqil Dövlətlər Birliyi ölkələrinin, xüsusilə də Rusiyanın bazarına ixrac edilsin. Bunun hesabına işğaldan azad edilmiş ərazilərdə yeni iş yerləri yaradılacaq və məskunlaşma daha tez baş verəcək.
Türkiyə ilə Azərbaycan arasında ticarət münasibətlərinə çətinlik yaradan amillərdən biri ölkəmizin Dünya Ticarət Təşkilatına (DTT) üzv olmamasıdır. Azərbaycan mümkün qədər tez bir müddətdə DTT-yə qəbul olunmalı və Türkiyə ilə ikitərəfli azad ticarət sazişi imzalayıb DTT-də qeydiyyatdan keçirməlidir.
İndiyədək Azərbaycan ikitərəfli 9 azad ticarət sazişində tərəf kimi çıxış edir, onlardan 6-sı ilə əlaqədar DTT-yə bildiriş təqdim olunub.
Təəssüf ki, Türkiyə 9 ölkə arasında yoxdur.
Azərbaycan Türkiyənin Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM-da bərabərhüquqlu üzv kimi təmsil olunması məsələsini Gürcüstan, Ukrayna və Moldova hökumətləri ilə razılaşdırsın. Təşkilat GUTAM-a çevrilsin və üzvlər arasında ticarət münasibətləri xüsusi şərtlərlə tənzimlənsin”.
1971-ci il təvəllüdlü Qubad İbadoğlu uzun illər Müsavat Partiyasının öncül şəxslərindən olub. Azərbaycan Demokratiya və Rifah Hərəkatını 2015-ci ildə yaradıb.
Qubad İbadoğlu ABŞ-ın Ratqers Universitetinin professorudur.