Prezident İlham Əliyev sahibkarlıq sahəsində yoxlamaları dayandıran qanuna dəyişiklikləri imzalayıb.
2015-ci il noyabrın 1-dən tətbiq olunan qanun yoxlamaları (Baş Prokurorluğun korrupsiya cinayətlərinin araşdırılması üzrə apardığı yoxlamalar istisna olmaqla) iki il müddətinə dayandırıb. 2017-ci ildə müddət 2021-ci il yanvarın 1-dək artırılıb.
Novator.az bildirir ki, prezident imzası ilə rəsmiləşən indiki yenilik qanunun 2022-ci il yanvarın 1-dək qüvvədə olmasını nəzərdə tutur.
Başqa bir dəyişikliyə əsasən, müddət başa çatdıqdan sonra sahibkarların yoxlamaların dayandırıldığı dövrdəki fəaliyyəti ilə bağlı yoxlamalar (icazə verilən yoxlamalar istisna olmaqla) aparıla bilməz.
Dövlət başçısı İlham Əliyev 17 mart fərmanında Nazirlər Kabinetinə sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərini 8 ay müddətində hazırlamağı tapşırıb.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun vergi yoxlamaları, maliyyə bazarları sahəsində yoxlamalar, gömrük auditi, özəl tibb fəaliyyətinin subyektlərində yoxlamalar, dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi, qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələblərinə əməl edilməsinə nəzarət, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə yoxlamalar aparmaq imkanı verir.
Enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələrinə sahibkarlıq subyektlərinin elektrik, su və qaz sayğaclarına müdaxiləsi, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulması hallarının araşdırılması ilə bağlı yoxlamalar aparmaq imkanı verilməsi də nəzərdə tutulur.