Novator.az məhbus general-leytenant Rövşən Əkbərovun dövlət təltiflərinin siyahısına nəzər salıb.
14 dekabr 1993-cü il. Polkovnik-leytenant Rövşən Əkbərov prezident Heydər Əliyevin fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni alır. Təltif Beyləqan istiqamətində erməni işğalçılara qarşı döyüşlərdə şəxsi igidlik və şücaətlə əsaslandırılır.
5 oktyabr 1994-cü il. Polkovnik-leytenant Rövşən Əkbərova Azərbaycanın Milli Qəhrəmanı adı verilir. Prezident Heydər Əliyevin fərmanında təltif Azərbaycanın konstitusiya dövlət quruluşunun müdafiəsi zamanı əsgəri və xidməti borcun şərəflə yerinə yetirilməsi ilə əsaslandırılır.
4 aprel 1995-ci il. Polkovnik-leytenant Rövşən Əkbərov prezident Heydər Əliyevin fərmanı ilə yenidən “Azərbaycan Bayrağı” ordeni alır. Təltif Azərbaycanın konstitusiya dövlət quruluşunun müdafiəsində, ölkədə əmin-amanlığın təmin edilməsində xüsusi xidmətlər, əsgəri borcun şərəflə yerinə yetirilməsi ilə əsaslandırılır.
25 may 1998-ci il. Prezident Heydər Əliyevin fərmanı ilə Rövşən Əkbərova general-mayor ali hərbi rütbəsi verilir.
19 yanvar 2002-ci il. Prezident Heydər Əliyevin fərmanı ilə Rövşən Əkbərov general-leytenant ali hərbi rütbəsinə yüksəlir.
24 iyun 2003-cü il. General-leytenant Rövşən Əkbərov prezident Heydər Əliyevin fərmanı ilə “Vətən uğrunda” medalı alır. Təltif Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlər, xidməti vəzifələrin və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqlənməklə əsaslandırılır.
25 iyun 2011-ci il. General-leytenant Rövşən Əkbərov prezident İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni alır. Təltif Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlər, xidməti vəzifələrin və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqlənməklə əsaslandırılır.
25 iyun 2018-ci il. General-leytenant Rövşən Əkbərova prezident İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı verilir. Təltif Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlər, qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənməklə əsaslandırılır.
1965-ci il təvəllüdlü Rövşən Əkbərov Kiyev Ali Ümumqoşun Komandirləri Məktəbinin məzunudur. SSRİ Silahlı Qüvvələrində və Azərbaycan Ordusunda xidmət edib. Əfqanıstan və Qarabağ müharibələrinin veteranıdır. 2021-ci il fevralın 8-də onun ehtiyata buraxıldığı xəbər verilib. Ehtiyata buraxılana qədər Rövşən Əkbərov Azərbaycan Ordusunun birlik komandiri idi.
2021-ci il martın 15-də Rövşən Əkbərov həbs edilib.
Baş Prokurorluğun 17 mart məlumatında bildirilib ki, 1971-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci ildə Ukraynanın paytaxtı Kiyevdə soyuq silahla qəsdən öldürülməsi ilə bağlı cinayət işi başlanıb, 2003-cü ildə cinayətin törədilməsində Azərbaycan vətəndaşının şübhəli olması əsası ilə iş Azərbaycana göndərilib.
Rəsmi açıqlamada həmin cinayət işi üzrə bir sıra istintaq hərəkətləri həyata keçirildiyi, lakin iş üzrə təqsirləndirilən şəxs müəyyən edilmədiyindən icraatın dayandırıldığı vurğulanıb: “2020-ci ildə cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra icraat təzələnib və Baş Prokurorluğun İstintaq İdarəsində kifayət qədər sübut toplanaraq həmin cinayət əməlini Əkbərov Rövşən Telman oğlunun törətməsinə əsaslı şübhələr müəyyən edilib”.
Məlumata görə, Əkbərov Rövşən Telman oğlu 1 iyun 2001-ci ilə keçən gecə Kiyev şəhərindəki “Sikora” kafesində yeyib-içdikdən sonra kafenin yaxınlığında Əliyev Elçin Fəday oğlunu aralarında yaranmış cüzi münaqişə səbəbindən ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək qəsdən öldürüb.
15 mart 2021-ci ildə Rövşən Əkbərov qəsdən adam öldürmə və xuliqanlıq ittihamları ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Həmin gün Bakı Hərbi Məhkəməsi Baş Prokurorluğun təqdimatı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.