Novator.az bildirir ki, prezident İlham Əliyevin martın 18-də imzaladığı əfv sərəncamı ilə AXCP-nin siyasi məhbus sayılan 4 üzvü azadlığa çıxır: Elçin İsmayıllı, Orxan Baxışlı, Babək Həsənov, Məhəmməd İmanlı.
Elçin İsmayıllı jurnalistdir. “Azadlıq” qəzetinin və xaricdən yayılan “Azərbaycan saatı” televiziya proqramının əməkdaşı olub. 2017-ci il fevralın 17-də tutulub. Hədə-qorxu ilə tələb etmədə təqsirli bilinən cəbhəçiyə 7 il cəza kəsilib.
Orxan Baxışlı 2018-ci il mayın 7-dən həbsdədir. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə saxlamada təqsirli bilinib, 3 il həbs cəzası alıb.
Babək Həsənov 2018-ci il mayın 25-də tutulub. Xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda və mütəşəkkil dəstənin cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərinin leqallaşdırılmasında təqsirli bilinib, ona 3 il həbs cəzası verilib.
Məhəmməd İmanlı 2020-ci il iyulun 16-da tutulub, 1 il müddətinə azadlıqdan məhrum olunub. İttihama əsasən, Məhəmməd İmanlı koronavirus xəstəsi ola-ola evdən çıxıb və epidemiyanın yayılması üçün real təhlükə yaradıb.
Xaricdən yayılan “Turan TV”nin əməkdaşı Türkel Azərtürkün bacanağı Emin Saqiyev, həmçinin bir çox inanclı fəal da əfvə düşüb.