AXCP sədri Əli Kərimli özünün “Facebook” səhifəsində məhbus Elçin İsmayıllıdan yazıb.
Elçin İsmayıllı AXCP Ali Məclisinin üzvü, jurnalistdir. “Azadlıq” qəzetinin və xaricdən yayılan “Azərbaycan saatı” televiziya proqramının əməkdaşı olub. 2017-ci il fevralın 17-dən həbsdədir. Hədə-qorxu ilə tələb etmədə təqsirli bilinən cəbhəçiyə 7 il cəza kəsilib.
Novator.az-ın məlumatına görə, Əli Kərimli qeyd edir ki, Elçin İsmayıllı tanınmış idmançıdır, dəfələrlə karate üzrə ölkə çempionu olub: “Uğurlu məşqçi karyerası vardı. Ancaq Elçin bəy “başını aşağı salıb ailəsini dolandıranlardan” olmadığından yaşadığı İsmayıllı rayonunda korrupsiya ilə mübarizə başlatdı. “Azərbaycan saatı” üçün hazırladığı reportajlarda balaca padşahların korrupsiyasını ifşa edirdi. O zaman hələ icra başçıları toxunulmaz idi. Onların korrupsiyaya görə kütləvi həbsi hələ dəb deyildi. Elçin bəy icra başçılarının korrupsiyasını ifşaya başlamaqla zamanı qabaqlamışdı. Elə həmin balaca padşahlar da sonda Elçin bəyi şərləyib həbs etdirdilər.
Elçin bəy ən təhlükəli cinayətkar kimi 7 il müddətinə azadlıqdan məhrum edilib. 4 ildən çoxdur həbsdədir. Bu müddətdə Elçin bəyin anasının səhhəti çox pisləşib. Çarəsiz ana oğlunu bir daha görə bilməyəcəyini düşünür.
Elçin bəyin 8 və 11 yaşında olan qızları atasız böyüyür. Hakimiyyət Elçin bəyin ingilis dili müəlliməsi olan həyat yoldaşına dərs demək imkanı da vermir.
Novruz bayramı ərəfəsində xalq olaraq hamılıqla səsimizi ucaldıb hakimiyyətdən repressiyaları durdurmağı tələb etməliyik. Elçin İsmayıllıya və digər siyasi məhbuslara azadlıq istəyirik”.
Novator.az bildirir ki, hazırda daha 6 cəbhəçi azadlıqdan məhrumetmə cəzası çəkir.
Orxan Baxışlı 2018-ci il mayın 7-dən həbsdədir. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə saxlamada təqsirli bilinib. Cəzasının müddəti 3 ildir.
Aqil Məhərrəmov və Babək Həsənov 2018-ci il mayın 25-də tutulublar. Xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda və mütəşəkkil dəstənin cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərinin leqallaşdırılmasında təqsirli bilinən cəbhəçilər 4 il və 3 il həbs cəzaları alıb.
2019-cu il oktyabrın 15-də tutulan Paşa Umudov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəbhəçi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə saxlamada təqsirli bilinib.
2020-ci il aprelin 20-də Zamin Salayev böhtan və təhqirdə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
2020-ci il iyulun 16-da tutulan Məhəmməd İmanlı 1 il müddətinə azadlıqdan məhrum olunub. İttihama əsasən, Məhəmməd İmanlı koronavirus xəstəsi ola-ola evdən çıxıb və epidemiyanın yayılması üçün real təhlükə yaradıb.
Üstündə cinayət işi olan AXCP üzvlərindən Niyaməddin Əhmədov da həbsdədir. O, 2020-ci il aprelin 16-sı tutularaq 30 sutka inzibati həbsə məhkum edilib. İnzibati həbs cəzası başa çatandan sonra Niyaməddin Əhmədov cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib. Terrorçuluğu maliyyələşdirmə; qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma; dövlət əleyhinə yönələn açıq çağırışlarda ittiham olunur.