Qırğızıstanda yeni konstitusiya layihəsi ümumxalq səsverməsinə çıxarılıb. Referendum aprelin 11-də keçiriləcək. Layihə ölkədə prezident idarə üsulunun tətbiqini nəzərdə tutur.
Hazırda Qırğızıstan parlament respublikasıdır. Ali icraedici orqan statusu daşıyan hökuməti proporsional üsulla seçilən 120 yerlik parlamentdə yerlərdən yarıdan çoxuna sahib olan siyasi qüvvə qurur.
Bu il yanvarın 10-da keçirilmiş növbədənkənar prezident seçkisində Sadır Japarov qalib gəlib. Prezident seçkisi ilə paralel keçirilən rəy sorğusunda prezident idarə üsulunun tətbiq olunması dəstəklənib.
Sadır Japarov yanvarın 28-də and içərək səlahiyyətlərinin icrasına başlayıb və yeni konstitusiya hazırlıqlarına start verilib.
Novator.az bildirir ki, yeni konstitusiya layihəsinə görə, prezident 5 il müddətinə seçilir, həm dövlət başçısı, həm də hökumət başçısı olur. İki müddətdən artıq prezident seçilmək yasaqdır.
Ana qanun layihəsinə əsasən, Nazirlər Kabinetinin tərkibini və strukturunu prezident müəyyən edir. Nazirlər Kabinetinin sədri (o həm də Prezident Administrasiyasının rəhbəridir), müavinləri və başqa üzvləri parlamentin razılığı ilə təyin olunur.
Səfirlərin və başqa diplomatik təmsilçilərin, yerli dövlət administrasiyası başçılarının təyinatı, Təhlükəsizlik Şurası yaratmaq və həmin quruma sədrlik prezidentin səlahiyyətinə verilir.
Konstitusiya layihəsinə görə, parlament deputatlarının sayı 120-dən 90-na enir, seçim üsulu qanunla müəyyənləşir.
Parlamentin hökumətə etimadsızlıq göstərmək səlahiyyəti olmur.
Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin sədrlərini prezident parlamentin razılığı ilə təyin edir.