Cənubi Koreyanın paytaxtı Seul şəhərinin rəsmiləri bildiriblər ki, koronavirusa yoluxmuş insanlarla təmasdan sonra ev heyvanlarında simptomlar aşkarlanarsa, həmin heyvanlar pulsuz testdən keçiriləcək.
Novator.az-ın məlumatına görə, Seul rəsmisi Park Yoo Mi deyib ki, virusa yoluxmuş ev heyvanlarının saxlandığı yerlərdə (istər şəxsi mənzillər olsun, istərsə də şəhərin idarəçiliyindəki müəssisələr) 14 gün karantin rejimi tətbiq ediləcək.
Mərkəzi hökumət ev heyvanlarının COVİD testindən keçirilməsi təlimatını ölkənin cənub-şərqində yerləşən Jinju şəhərində bir ev pişiyinin koronavirusa yoluxduğu təsdiqlənəndən sonra verib.
Park Yoo Mi aidiyyəti qurumların ev heyvanları üzərində pulsuz testlər keçirməyə hazır olduğunu açıqlayıb.
Virusun ev heyvanlarından insanlara keçməsinə dair bir dəlil olmasa da, Seul rəsmiləri insanlarla sıx təmasda olan canlıların yoxlanmasını vacib sayırlar.
Hökumət qurumları təlimata uyğun olaraq ev heyvanları üzərində testlər keçirməyi planlaşdırır.
Mənbə: Euronews.com