İqtisadçı Qalib Toğrul indiki qanunvericiliklə yerli vergi və ödənişlər hesab olunan 3 vergi və 1 ödənişin dövlət vergilərinə aid olunmasını təklif edir. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, vergi ödəyicisi olan və olmayan bütün fiziki şəxslər əmlak vergisini yerli büdcəyə ödəyirlər: “Bura həm yaşayış, həm də qeyri-yaşayış sahələri daxildir. Vergi ödəyiciləri əmlak sahibi olan vətəndaşlar və fiziki şəxs sahibkarlardır. Ölkənin 1607 bələdiyyəsinin çox kiçik bir hissəsi (bəzi şəhər və qəsəbə bələdiyyələri) fiziki şəxs sahibkarlardan əmlak vergisi toplaya bilir. Fiziki şəxs sahibkarların əmlak vergisi (onlar hüquqi şəxslərdən fərqli olaraq ancaq istifadə etdikləri binalara görə vergi ödəməlidirlər) dövlət vergisi hesab olunsa, həm vergitutmada ədalətlilik (bərabərlik) prinsipinə əməl olunar, həm də büdcəyə əlavə vəsait gələr.
Sahibkarlıq məqsədilə istifadə olunan torpaqlara görə (sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və sair) fiziki şəxslərin ödədiyi torpaq vergisinin toplanması ilə də bağlı ciddi çətinliklər var. Yaxşı olar ki, bu kateqoriya istisna olmaqla digər torpaqlara görə (təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları və yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə) verginin dərəcəsi artırılsın.
Yerli büdcələrə ödənən mədən vergisi də (kərpic-kirəmit gilləri, tikinti qumları və çınqıl xammalına görə mədən vergisi) problemlidir. Vətəndaş cəmiyyəti təmsilçisi kimi müxtəlif regionlarda mədən vergisi toplamalı olan, lakin bunu bacarmayan bələdiyyələrlə işləmişik. Hətta onlara bu sahədə köməklik göstərməyə cəhd etmişik. Alınmayıb, çünki həmin obyektlərin hər biri hansısa məmura bağlıdır. Bəzi bələdiyyələrin bundan öz xeyrinə sui-istifadə etməsi hallarına da (alınan rüşvət hesabına mədən vergisini bələdiyyə büdcəsinə ödəməkdən yayınma) şahid olmuşuq.
Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişin toplanması sahəsində vəziyyət eynidir. Bu ödənişi turizm vergisi (dünyada uyğun təcrübələr var) şəklində dövlət büdcəsinə cəlb etmək mümkündür.
Qeyd olunan yerli vergilərin və ödənişin dövlət vergilərinə aid edilməsi sayəsində dövlət büdcəsindən bələdiyyələrə ayrılan subvensiyanın məbləğini artırmaq olar. Dövlət büdcəsindən bələdiyyələrə 2019-cu ildə 1 milyon manat, 2020-ci ildə 1,2 milyon manat, 2021-ci ildə 1,3 milyon manat subvensiya ayrılıb. 2019-cu ildə 4 bələdiyyə, 2020-ci ildə isə 6 bələdiyyə (2021-ci ilin bölgüsü hələ aparılmayıb) subvensiya ala bilib. Dövlət büdcəsindən ayrılan subvensiya məbləğinin artması subvensiya ilə əhatə olunan bələdiyyələrin sayının dəfələrlə artmasına imkan verər, yerli özünüidarəetmə orqanları arasında rəqabəti və təşəbbüskarlığı təşviq edərdi”.