Böyük Britaniyanın Təhlükəsizlik Xidməti (bu idarə daha çox Mİ5 adı ilə tanınır) ölkəyə sığınmış rusiyalıların müdafiəsini gücləndirib.
“The Guardian” qəzeti yazır ki, Mİ5 bu işi nəzərə çarpmayacaq şəkildə həyata keçirib.
Novator.az-ın məlumatına görə, qəzet Britaniyadakı rusiyalıların təhlükəsizliyinin 2018-ci ildə Sergey və Yuliya Skripallar zəhərlənəndən sonra gücləndirildiyini qeyd edir.
“The Guardian” özünü Tom kimi təqdim edən, ilk dəfə “Sky News” kanalına müsahibə verən yüksək rütbəli Mİ5 zabitinin dediklərinə istinadla vurğulayır ki, Kremlin agentləri Böyük Britaniyada yaşayan rusların əksərini hədəfə götürüb: “Ona görə Mİ5 gözə çarpmayacaq dərəcədə, ehtiyatla xüsusi tədbirlər görərək Kremlin diqqətində olan potensial obyektlərin təhlükəsizliyini təmin etməkdən ötrü hərəkətə keçib”.
Təhlükəsizlik Xidməti əməkdaşının dediyinə görə, Rusiya Britaniyada yaşayan rusların fəaliyyətini tam nəzarətə almağa çalışır: “Bu səbəbdən həmin adamların qorunması işinə polisi və digər strukturları da cəlb etmək zərurəti yaranıb”.
Tomun iddiasına görə, Rusiyanın İngiltərəyə sığınmış ruslara marağı eləcə maraq xatirinə deyil: “Bizim fikrimizcə, bu, passiv yox, aktiv maraqdır. Onlar ehtimal ki, həmin adamlar barədə hələ də informasiya toplayırlar. Elə isə məqsəd nədir? Buna birmənalı cavab vermək mümkün deyil, ancaq yenə ehtiyatı əldən verməməliyik, çünki təhlükə altında olan insanlar barədə toplanmış bilgilər onlara qarşı fiziki hücumlara gətirib çıxara bilər”.
Mİ5-in ciddi mühafizə altına aldığı adamların siyahısı açıqlanmır.
“The Guardian” həmin siyahıda Sergey Skripal kimi keçmiş casusların, nə vaxtsa yüksək əlaqələrə malik olmuş rus əsilli vətəndaşların, eləcə də Kremli qıcıqlandıran qeyri-rusların ola biləcəyini güman edir.
Məlumata görə, Mİ5-in agentləri mühafizəsini gücləndirdiyi şəxslərlə məsləhətləşmələr aparıblar. Həmin şəxslərin mülkiyyət və ünvanlarının gizlədildiyi, hətta bəzilərinin xarici görünüşünün dəyişdirildiyi vurğulanır. Bu işdə polislərin Mİ5-ə dəstək verdiyi qeyd olunur.
Mİ5 hesab edir ki, Solsberi olayından, daha dəqiqi, Rusiya diplomatları Britaniyadan qovulandan sonra Kreml yenidən İngiltərə ərazisində öz casus şəbəkəsini fəallaşdırmağa can atır.
Rusiyanın öz səfirliyi xaricində aktivlərini işlək vəziyyətə gətirməkdə, özlərini jurnalist, elm adamı, yaxud turist kimi qələmə verməyi bacaran casusların xidmətindən yararlanmaqda daha maraqlı olduğu bildirilir.
2018-ci il martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində iki nəfər küçədə huşsuz vəziyyətdə tapılıb. Aydın olub ki, onlar Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı Yuliyadır.
Sergey Skripal 2004-cü ildə Rusiyada həbs olunub, dövlətə xəyanət və Böyük Britaniyanın xeyrinə casusluq ittihamı ilə 13 il müddətinə azadlıqdan məhrum edilib. 2010-cu ildə əfv olunan Sergey Skripal Böyük Britaniyaya təhvil verilib və orada sığınacaq alıb.
Sergey Skripalın və qızının sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” maddəsindən zəhərləndiyi açıqlanıb. Britaniya tərəfinin iddiasına görə, zəhərləmə əməliyyatını Rusiya kəşfiyyatı həyata keçirib. Bundan sonra Britaniya və bir sıra digər Qərb dövlətlərinin Rusiya ilə münasibəti gərginləşib. Bəzi Rusiya diplomatlarının Qərb ölkələrindən çıxarılması və digər sanksiyalara əl atılıb.
Sergey Skripalla qızı sağalsalar da, Solsberi şəhərinin sakini Con Stercessin həyatını xilas etmək mümkün olmayıb.
Solsberi sakinləri Con Stercess və Çarli Rouli 2018-ci il iyunun 30-da xəstəxanaya yerləşdiriliblər. Onların “Noviçok”dan zəhərləndiyi üzə çıxıb. Aydın olub ki, Çarli Rouli parkda yerdən içində maye olan ətir qabı tapıbmış. O, həmin qabı rəfiqəsi Con Stercessə hədiyyə edib. Con qabdakı mayeni ətir bilib bədəninə yaxıb. Əvvəlcə onun, sonra isə Çarlinin halı pisləşib. Müayinə zamanı hər iki şəxsin “Noviçok” maddəsindən zəhərləndiyi təsdiqlənib.
Britaniya tərəfi iddia edir ki, Rusiya kəşfiyyatının adamları Sergey Skripalı və onun qızını həmin qabdakı “Noviçok”la zəhərləyiblər, sonra isə qabı parkda tullayıb gediblər. Çarli Roulinin qabı tapdığı yerlə Skripalların zəhərləndiyi yer arasında 15 kilometr məsafə olub.
Həkimlər Çarli Roulinin həyatını xilas ediblər. Con Stercess isə iyulun 8-də xəstəxanada keçinib.
Mənbə: Theguardian.com