Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan göndərilmiş şikayətlər üzrə qərarlar açıqlayıb. Novator.az bildirir ki, martın 11-də elan edilən qərarla Vüqar Əliyevin şikayəti üzrə Azərbaycan dövlətinin təklifi qəbul olunub. Ərizəçiyə 6 min avro təzminat ödənəcək.
Bu iş siyasi fəalın qanunsuz silah saxlamağa görə ittiham və məhkum edilməsi ilə bağlıdır. Ərizəçi Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş ədalətli məhkəmə araşdırması və şəxsi həyata hörmət hüquqlarına müdaxilə olunduğunu iddia edirdi.
Başqa bir rəsmi təklifə görə, mülkiyyət hüququnun pozuntusundan şikayətçi olan Ağaməmməd Məmmədova 3800 avro təzminat ödənəcək.
Rəvan Səbzəliyev, Natiq Mirzəyev və Durnisə Əhmədovanın şikayətləri üzrə barışıq əldə olunub. Onlar müvafiq olaraq 4500, 1500 və 3000 avro təzminat alacaqlar.
Rəvan Səbzəliyev türk ilahiyyatçı Səid Nursinin dini məzmunlu məqalələrini evində azyaşlılara tədris etdiyi üçün məhkum olunub. 10 aydan artıq həbsdə saxlanmış ərizəçi hesab edib ki, onun dini etiqad azadlığına müdaxilə baş verib.
Natiq Mirzəyev məhkum edilmiş məhbusdur. O, tibbi müalicə üçün həbsxana rəhbərliyinə müraciət edib, müraciətinə baxılmasının məzmunu onu qane etmədiyindən həbsxana rəhbərliyini məhkəməyə verib. Ərizəçi hesab edib ki, onun müraciəti üzrə çalışmalar ədalətli məhkəmə araşdırması hüququna uyğun olmayıb.
Durnisə Əhmədovanın şikayəti xuliqanlıq cinayətinə görə məhkum edilmə ilə bağlı olub. Ərizəçi məhkəmə araşdırmalarının ədalətli olmadığını iddia edib.
Rzamov və başqalarının şikayəti üzrə də barışıq əldə olunub. Bu işdəki 9 ərizəçi türk ilahiyyatçı Səid Nursinin tərəfdarlarıdır. Onlar dini toplantıların keçirilməsi kontekstində saxlandıqlarını, qanunsuz rəftara məruz qaldıqlarını iddia ediblər.
Ərizəçilər azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, dini etiqad azadlığı hüquqlarına müdaxilə olunması məsələsini qaldırıblar. Onların hər birinə 3750 avro təzminat veriləcək.