Ermənistan prezidenti Armen Sərkisyan general-leytenant Artak Davtyanı Silahlı Qüvvələrin Baş Qərargahı rəisi təyin etmək barədə təqdimatı geri qaytarıb. Novator.az-ın məlumatına görə, qərar martın 11-də açıqlanıb.
Təqdimatı martın 10-da baş nazir Nikol Paşinyan göndərmişdi.
General-polkovnik Onik Qasparyan Baş Qərargahın rəisi postundan martın 10-da ayrılıb.
Fevralın 23-də Ermənistan televiziyalarının birinə müsahibə verən baş nazir Nikol Paşinyan ötən ilin payızındakı Qarabağ müharibəsi zamanı ölkəsinin Rusiya istehsallı “İskəndər” raketləri tətbiq etdiyini, ancaq bu silahın gözlənən effekti vermədiyini deyib. Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin birinci müavini Tiran Xaçatryan bu açıqlamanı lağa qoyub. Fevralın 24-də prezident Armen Sərkisyan Nikol Paşinyanın təqdimatını nəzərə alaraq Tiran Xaçatryanı vəzifədən çıxarıb.
Fevralın 25-də Silahlı Qüvvələrin Baş Qərargahı bəyanat yayaraq Nikol Paşinyanın istefası tələbini irəli sürüb. Bəyanatda Tiran Xaçatryanın Baş Qərargah rəisinin birinci müavini postundan çıxarılmasına etiraz bildirilib.
Nikol Paşinyan bəyanatı dövlət çevrilişi cəhdi kimi qiymətləndirib, baş nazir Onik Qasparyanın da vəzifədən götürülməsi üçün prezident Armen Sərkisyana təqdimat verib.
Fevralın 27-də Armen Sərkisyan təqdimatı geri qaytarıb, ancaq Nikol Paşinyan Onik Qasparyanın postdan götürülməsində israr edərək dövlət başçına yeni təqdimat göndərib.
Armen Sərkisyan ikinci təqdimatı da imzalamayıb, martın 2-də Konstitusiya Məhkəməsinə baş nazir sorğu göndərilib. Sorğu “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanunun konstitusiyaya uyğunluğu məsələsini əhatə edib.
“Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna görə, prezident baş nazirin təqdimatını ikinci dəfə imzalamayanda və ya Konstitusiya Məhkəməsinə birbaşa təqdimat üzrə sorğu göndərməyəndə qaldırılan məsələ həllini tapır.
Onik Qasparyan Baş Qərargah rəisi postunu tərk etməsi ilə barışmır. Martın 10-da o, İnzibati Məhkəməyə şikayət edəcəyini açıqlayıb.
Nikol Paşinyan martın 10-da prezidentə təqdimat göndərərək general-leytenant Artak Davtyanın Baş Qərargahın rəisi təyin olunmasını istəyib.
Martın 11-də prezidentin etirazı açıqlanandan sonra Nikol Paşinyanın təyinatda israr etdiyi, yeni təqdimat göndərəcəyi bəyan edilib.
Artak Davtyan Moskva Ali Hərbi Məktəbini, Rusiya Müdafiə Nazirliyinin Hərbi Akademiyasını və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib.
1990-1994-cü illərdə Qarabağ müharibəsində iştirak edib, 1991-1992-ci illərdə xüsusi alayda xidmət keçib.
1992-2005-ci illərdə Ermənistan Ordusunun müxtəlif hərbi hissələrində rəhbər vəzifələr tutub.
2006-cı ildən Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının operativ idarəetmə xidmətinin rəis müavini, 2007-ci ildən rəisi vəzifələrində çalışıb.
2017-ci ildən korpus komandiri olub.
2018-ci il mayın 24-dən Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin olunan Artak Davtyan 2020-ci il iyunun 8-də postdan götürülüb, həmin ilin iyul-oktyabr aylarında Hərbi Sənaye Komitəsinə rəhbərlik edib. Bu il martın 9-da o, Baş Qərargahın xüsusi tapşırıqlar üzrə böyük zabiti postuna təyin olunub.
Sülh razılaşması Ermənistanı qarışdırıb
Ağdamda Türkiyə-Rusiya mərkəzi
Ermənistan Qarabağa əsgər göndərməyi dayandırdı
Ermənistanda dövlət çevrilişi ehtimalı
Köçəryan istefa tələbinə dəstək verdi
Ermənistandakı gərginlik Bakıdan necə görünür?
Paşinyan müqavimət qarşısında dirənir
Paşinyan qələbəliyi nə deməkdir?