ABŞ-ın “The National İnterest” jurnalında dünyanın ən güclü orduları barədə yazı dərc olunub.
“Reytinq 2021: dünyanın ən güclü beş ordusu” başlıqlı yazıda “Clobal Firepower” beynəlxalq təşkilatının hazırladığı reytinq cədvəlinin ilk beşliyində yer alan ordulardan bəhs edilib.
Novator.az saytının məlumatına görə, yazıda deyilir: “Görəsən, dünyada ən güclü ordu hansı dövlətin ordusudur? Bu sadə sualın arxasında heyrət doğuracaq dərəcədə mürəkkəb məqamlar dayanır”.
Yazıda bildirilir ki, güc anlayışı bir qədər nisbi anlayışdır, bunu müəyyənləşdirməyin meyarı çoxdur, ona görə “Clobal Firepower” orduların reytinqini tərtib edərkən xeyli faktordan, məxsusi formullardan yararlanıb.
Ekspertlərin rəyinə görə, hazırda ən güclü orduya sahib olan ölkələr ABŞ, Rusiya, Çin, Hindistan və Yaponiyadır.
ABŞ
2021-ci ildə ABŞ öz rəqiblərini cüzi fərqlə üstələyərək növbəti dəfə dünyanın ən güclü ordusu tacına sahiblənə bilib. Böyük büdcəyə, nəhəng infrastruktura malik olan bu ölkə həqiqi hərbi xidmət keçmiş və ehtiyatda olan yararlı hərbçilərin sayına görə də digər dövlətləri qabaqlayır.
Hərbi sahədə bütün meyarlar üzrə rəqiblərini geridə qoyan super gücün hərbi potensialı onun müdafiə sənayesi ilə vəhdət təşkil edir.
ABŞ dünyada ən müasir silahların istehsalçısıdır. Bu ölkə hərbi aviasiya sənayesində də liderdir. Dünyada ən böyük təyyarədaşıyan gəmilər ABŞ ordusundadır.
ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin konsepsiyasına uyğun olaraq bu ölkədə “Carrier Strike Groups” adlı aviazərbə qrupu fəaliyyət göstərir. Ölkə Hərbi Dəniz Qüvvələrinin geniş imkanları hesabına dünyanın istənilən nöqtəsinə raket zərbəsi endirmək iqtidarındadır.
Rusiya
SSRİ dağılandan sonra hərbi sahədə bir çox iri həcmli layihələrə imza atan Rusiya son illərdə öz ordusunda xeyli yeniliyə nail olub. Bir çox köhnə silahlar artıq hərbi ehtiyat bazasından çıxarılıb. Rusiya öz Hərbi Hava Qüvvələrini və Hərbi Dəniz Donanmasını demək olar tamamilə yeniləyib.
Rusiya yeni nəsil sualtı qayıqlara, strateji hədəflər üçün nəzərdə tutulmuş qanadlı raketlərə sahiblənərək ABŞ-a çatmaq istəyir və bu yolda xeyli məsafə qət edə, ABŞ-la öz arasındakı fərqi azalda bilib.
Rusiya hərbi gəmiçilik sahəsinə xüsusi önəm verir, öz donanmasını inkişaf etdirir, sahil müdafiəsini gücləndirir, etibarlı sistem qurmağa çalışır.
Zirehli maşınlar istisna olmaqla, silah yarışında Rusiya ABŞ-la az-çox ayaqlaşa bilir.
Rusiyanın havada üstünlük əldə etməsinə hesablanmış yeni SU-57 qırıcısı bu ölkənin ABŞ-ın gizli platformaları ilə mübarizə vasitələrini inkişaf etdirməkdə çox maraqlı olduğunu göstərir.
Çin
Siyahıda üçüncü yerdə qərarlaşan Çin Rusiya və ABŞ kimi rəqiblərindən çox geri qalmamaq üçün hərbi sənayenin inkişafına külli miqdarda maliyyə yatırır.
Dünyanın ən nəhəng büdcəli iki ölkəsindən biri hesab edilən Çin hərbçilərin sayına görə də öndədir. Pekin qısa dövrdə hərbi sənayedə heyrətamiz layihələrə imza atıb. Ölkənin yaxın onilliklərdə silah istehsalı və satışı sahəsində daha iddialı proqramların icrasına keçəcəyi gözlənilir.
Ölkənin Çin Aviasiya Zərbələri Qrupu və bombardmançı donama yaratmaq, habelə 6-cı nəsil qırıcılar istehsal etmək kimi ambisiyalı planları var.
Hindistan
Hindistan hərbi müdafiə sahəsinə çox büdcə ayırmasa da, fövqəldövlətlərlə yarışır.
Ölkə hərbi sənayedə insan əməyindən, canlı qüvvə resurslarından daha çox istifadə edir. Hindistanın hərbi potensialı modern olmasa da, ordusu tankların sayına görə seçilir.
Hindistan həmçinin sahil sularının müdafiəsi sahəsinə və artilleriya komplekslərinə üstünlük verən ölkədir. Hazırda bu ölkə ən böyük silah alıcıları sırasındadır.
Hindistan müstəqil müdafiə sənayesini təkmilləşdirmək üçün lisenziyalı istehsal və texnoloji transfer əməliyyatları hesabına mühüm addımlar atır.
Yaponiya
Yaponiya hərbi potensialını artırmaq üçün müdafiə sənayesinə ayırdığı böyük büdcə hesabına ilk dəfə 2020-ci ildə dünyanın ən güclü orduları reytinqində Fransadan irəli keçərək ilk beşlikdə yer alıb.
Yaponiya sanballı Hərbi Hava Qüvvələrinə malikdir, nəhəng döyüş gəmiləri, sualtı qayıqları var.
Amma ölkə quru qüvvələrində bir qədər axsayır.
Mənbə: Nationalinterest.org