Fuad Qəhrəmanlı
Azərbaycan Xalq Cəbhəsi Partiyası
“Müxalifət niyə birləşmir” müzakirələri yenidən gündəmə gəlib. Rejimin özbaşınalıqları, cəmiyyətin problemlərinə saymazyana davranışları artdıqca insanlar çıxış yolu üçün müxtəlif variantlar axtarırlar.
Ancaq bu məsələdə xüsusi diqqət tələb edən məqamı gözdən qaçırmaq olmaz. Bu da hakimiyyətin nəzarətində olan saxta müxalifəti bu yolla gerçək müxalifət kimi göstərmək istəyidir. Saxta müxalifətlə real müxalifətin bir araya gəlməsi cəmiyyətin nəzərində onlar arasındakı fərqi də ortadan qaldıra, hakimiyyətə müxalif düşərgəyə istədiyi təsiri göstərmək imkanı verə bilər.
Bu avantüra alınmasa, o zaman da dəyişikliyin baş tutmaması səbəbi kimi müxalifətin dağınıq olması, birləşməməsini göstərib cəmiyyətdə inamsızlıq yaratmaq niyyəti güdülür.
Halbuki problemin əsas səbəbi cəmiyyətdə ictimai müqavimətin kifayət qədər olmamasıdır. Təcrübə də göstərib ki, müxtəlif vaxtlarda bütün real müxalifət təşkilatları bir arada olduğu vaxtlarda məhz cəmiyyətimin siyasi fəallığının yetərli olmaması demokratik dəyişikliklərə imkan verməyib.
Digər tərəfdən müxalifətin birliyi məsələsi heç da hamının bir təşkilat çərçivəsində birləşməsi anlamına gəlmir. Əgər hakimiyyətə münasibətdə eyni tənqidi ritorika işlədilirsə, cəmiyyətin mövcud rejimə qarşı təşkilatlandırlması üçün hər bir partiya ayrıca çalışırsa və lazım olan məqamlarda, məsələn, mitinq və ya seçkiyə münasibətdə fəaliyyətlər uzlaşdırılırsa, o zaman bu elə birlik anlamına gəlir.
Bir şeyi də nəzərə almaq gərəkdir ki, siyasi müxalifətin sərhədləri o qədər də geniş deyil. Bu sərhədləri mübahisəsiz aydın təsəvvür etmək üçün dövlət başçısı İlham Əliyevin çıxışlarına baxmaq kifayət edər. Hakimiyyətin bütün arsenalını cəmləyib hədəf aldığı qüvvə həm də real müxalifətin ünvanını göstərir.