Azərbaycanda koronavirus infeksiyasına qarşı tətbiq olunan peyvənd Ukraynada da təsdiqlənib.
Söhbət Çinin “Sinovac Biotech” şirkətinin istehsal etdiyi “CoronaVac” peyvəndindən gedir.
Bu peyvəndi bəzən şirkətin adına uyğun olaraq “Sinovac” da adlandırırlar.
Novator.az-ın məlumatına görə, Ukraynanın Səhiyyə Nazirliyi “Sinovac” şirkətinin istehsal etdiyi peyvəndin ölkədə kütləvi tətbiqinə icazə verib. Nazirlik bəyan edib ki, bu peyvənddən ölkəyə 5 milyon doza gətiriləcək.
Azərbaycanda “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVac” vaksini ilə peyvəndlənməyə yanvarın 18-dən start verilib.
Ukraynada digər vaksinlərlə peyvəndlənmə fevralın sonlarından başlanıb. Amma proses ləng gedir, 41 milyon əhalisi olan Ukraynada peyvəndlənənlərin sayı hələ 20 minə çatmır.
Ukraynada bu günədək koronavirus xəstəliyindən 28 minə yaxın adam ölüb.
Hökumət peyvəndlənməni sürətləndirməyə çalışır və bu işdə Avropa İttifaqından yardım umur.
“CoronaVac” (yaxud “Sinovac”) vaksini Türkiyədə, İndoneziyada, Braziliyada və Çinin özündə də tətbiq olunur.
“CoronaVac” inaktivləşmiş, yəni təsirsiz, ölü vəziyyətə gətirilmiş virus əsasında hazırlanıb. Peyvəndlənmə zamanı bu vaksinin köməyilə öldürülmüş virusun proteinləri və bəzi komponentləri vücuda yeridilir, insanın hüceyrələri həmin virusu görüb ona qarşı immunitet, antitel cavabı formalaşdırır.
Vaksin 28 günlük fasilə ilə iki dəfə (iki doza) vurulanda infeksiyaya qarşı daha dözümlü immunitet yaranır.
Koronaviruslardan hazırlanan vaksin
“CoronaVac” immun sisteminə koronavirusa qarşı antitellər yaratmağı öyrətmək yoluyla təsir edir. Antitellər tikanlı proteinlər adlanan viral proteinlərə yapışır və onların səthini örtür.
“Sinovac” şirkətinin tədqiqatçıları “CoronaVac” vaksinini Çin, Britaniya, İtaliya, İspaniya və İsveçrədən olan pasiyentlərdən koronavirus nümunələri götürməklə hazırlayıblar. Amma vaksinin tam başa gəlməsində əsas rolu Çindən götürülən nümunə oynayıb.
Virusun məhv edilməsi
Alimlər meymunların böyrək hüceyrələrinə çoxlu koronavirus ehtiyatı toplayıblar. Sonra beta-propiolakton adlı kimyəvi maddə ilə virusları təsirsiz hala gətiriblər (söndürüblər). Sonra bu kimyəvi birləşmə koronavirusların genlərinə yapışaraq onları sıradan çıxarıb. İnaktivləşmiş (təsirsiz hala gətirilmiş) koronaviruslar daha replikasiya ola bilməyib (çoxala bilməyib). Amma onların proteinləri, o cümlədən tikanlı proteinlər bütöv, zədələnməmiş qalıb.
Tədqiqatçılar daha sonra inaktivləşmiş virusları kənarlaşdırıb onları yardımçı adlanan çox az miqdarda alüminium əsaslı birləşmə ilə qarışdırıblar. Yardımçıların işi immun sisteminin vaksinə cavab verməsini stimullaşdırmaqdır.
İnaktivləşmiş viruslardan bir əsrdən çoxdur ki, istifadə olunur. Amerikalı virusoloq Conas Solk 1950-ci illərdə poliomielit xəstəliyinə qarşı vaksin hazırlayanda da bu üsuldan yararlanıb. İnaktivləşmiş viruslardan digər xəstəlikərə, o cümlədən quduzluğa və Hepatit A-ya qarşı vaksinlərin hazırlanmasında da istifadə edilir.
İmmunitetin reaksiyası
“CoronaVac” vaksininin tərkibində koronaviruslar ölü olduğundan peyvənd bədənə (qola) vurularkən insan COVİD-19-a yoluxmur. Vaksin vurulandan sonra “antigen təqdim edən hüceyrələr” adlanan immun hüceyrələri orqanizmə daxil olan inaktivləşmiş virusların bəzisini udur.
Antigen təqdim edən hüceyrə koronavirusu kiçik parçalara ayırır və öz səthində bu parçaların bəzisini göstərir. Yardımçı hüceyrə olan T hüceyrəsi həmin kiçik parçaları aşkar edə bilir. Parçalardan biri səthdəki proteinlərdən birinə yerləşdikdə T hüceyrəsi aktivləşir və vaksinə cavab vermək üçün digər immun hüceyrələrinin bir yerə toplanmasına kömək edir.
Antitellərin yaradılması
İmmun hüceyrəsinin B hüceyrəsi adlanan digər növü də inaktivləşmiş koronavirusla rastlaşa bilər.
B hüceyrələrinin çox müxtəlif formalı səthi proteinləri var və koronavirusa pərçimlənmək üçün onlardan bəzisi düzgün forma ala bilir. B hüceyrəsi hədəfinə kilidləndikdə virusun bir hissəsini, yaxud hamısını içinə çəkə və səthində koronavirus parçalarını göstərə bilir.
Koronavirusa qarşı aktivləşən köməkçi T hüceyrəsi də eyni parçaya kilidlənə bilər. Bu baş verən zaman B hüceyrəsi də aktivləşir, səthi proteinlərlə eyni formada olan antitelləri çoxaldıb kənara atır.
Virusun durdurulması
“CoronaVac” vaksini vurulandan sonra immun sistemi canlı koronavirus infeksiyasına cavab verə bilir. B hüceyrələri işğalçı hüceyrələrə yapışan antitellər istehsal edir. Tikanlı proteinləri hədəf alan antitellər virusun hüceyrələrə daxil olmasının qarşısını alır. Digər növ antitellər virusu başqa yollarla bloklaya bilir.
Virusun yadda saxlanması
“CoronaVac” COVİD-19-a qarşı müəyyən müdafiə vəd etsə də, bu müdafiənin nə qədər davam edəcəyini hələ ki, heç kəs deyə bilməz. Aylar keçdikcə antitellərin səviyyəsi aşağı düşə bilər. Amma immun sistemi B yaddaş hüceyrələri adlı xüsusi hüceyrələrə malikdir. B yaddaş hüceyrələri koronavirus haqqında informasiyanı illərlə, hətta on illərlə qoruyub saxlaya bilər.