Novator.az dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi qaydasına nəzər salıb.
Prezidentin 6 mart 2021-ci il fərmanı ilə təsdiqlənən qayda dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların və bu kimi digər sənədlərin tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi məsələlərini tənzimləyir. Dövlət proqramı ölkənin sosial-iqtisadi inkişafı sahəsində dövlət siyasətinin prioritetlərinə və məqsədlərinə nail olunmasını təmin edən, vəzifələrinə, icra müddətlərinə, icraçılarına və resurslarına görə bir-biri ilə qarşılıqlı şəkildə uyğunlaşdırılmış tədbirlər kompleksindən ibarət və dövlət siyasətinin alətlərini özündə birləşdirən strateji planlaşdırma sənədidir. Sənədə görə, dövlət orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlətin adından yaradılan publik hüquqi şəxslərin birbaşa səlahiyyətlərinə aid edilən vəzifələr dövlət proqramında tədbir kimi müəyyənləşdirilə bilməz.
Qayda dövlət investisiya proqramlarının, həmçinin dövlətin təhlükəsizliyi baxımından dövlət sirri hesab edilən proqramların tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi fəaliyyətinə şamil edilmir.
Dövlət proqramının tərtibi ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətləri və prioritetləri nəzərə alınmaqla, habelə aidiyyəti dövlət orqanlarının (qurumlarının) öz strateji planlarına uyğun olaraq texniki-iqtisadi cəhətdən əsaslandırılmış təklifləri əsasında müvafiq dövlət proqramının layihəsinin hazırlanması prosesini nəzərdə tutur. Layihə hazırlanan zaman aidiyyəti dövlət orqanları (qurumları) ilə məsləhətləşmələr aparılmalı, habelə dövlət proqramının ictimai dinləmə və müzakirələrin aparılması təmin edilməlidir.
Dövlət proqramının strukturu bu bölmələrdən ibarət olmalıdır:
qısa xülasə – dövlət proqramında qeyd edilmiş mühüm məsələlərin icmalının təsviri;
qlobal trendlər – dövlət proqramının aid olduğu sahə üzrə müşahidə edilən başlıca istiqamətlər, bu sahədə gözlənilən əsaslı dəyişikliklər və onların Azərbaycan Respublikasına potensial təsirlərinin təsviri;
mövcud vəziyyətin təhlili – dövlət proqramının əhatə edildiyi sahə üzrə vəziyyət və görülmüş işlərlə bağlı qısa məlumat, proqramın hazırlanmasını zəruri edən məsələlərin, bu istiqamətdə aparılmış təhlillərin və əldə edilmiş nəticələrin ümumiləşdirilmiş təsviri;
hədəf göstəricilər – dövlət proqramının əhatə etdiyi dövr üzrə nail olunması əsas kimi müəyyənləşdirilmiş göstəricilər;
məqsədlər – dövlət proqramı üzrə müəyyənləşdirilən hədəf göstəricilərə nail olunması üçün qarşıya qoyulmuş hədəflərin təsviri;
prioritet istiqamətlər – məqsədlərin reallaşdırılması üzrə həyata keçiriləcək konkret tədbirlərin, əldə ediləcək nəticələrin, tələb olunan resursların təsviri;
maliyyələşdirmə mexanizmləri – dövlət proqramı üzrə müəyyən edilmiş məqsədlərə nail olmaq üçün müəyyənləşdirilmiş vəsaitin həcminin və həmin vəsaitin təmin edilmə mənbələrinin təsviri;
tədbirlər planı – dövlət proqramı üzrə müəyyən olunan hər bir tədbir üzrə icraçıların (əsas və digər icraçıların) və icra müddətlərinin, habelə hər bir prioritet istiqamət üzrə gözlənilən nəticə və nəticə indikatorlarının qeyd olunduğu planın təsviri.