Sədrlik etdiyi hakim Yeni Azərbaycan Partiyasının 5 mart qurultayında çıxış edən prezident İlham Əliyev Qarabağ münaqişəsinə də toxunub: “2003-2020-ci illər bir hazırlıq dövrü idi. Biz hazırlaşmalı idik və mən bunu gizlətmirdim. Mən deyirdim ki, məsələ sülh yolu ilə həll olunmasa, müharibə yolu ilə bunu həll edəcəyik. Nə qədər mənə qarşı təzyiqlər oldu buna görə. Nə qədər məni ittiham etdilər böyük ölkələrin nümayəndələri ki, İlham Əliyev sülh istəmir, müharibə istəyir, kimisə hədələyir.
“Müharibə mümkün deyil”. Nə qədər siz də eşitmişiniz, Azərbaycan xalqı da eşidib ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Ta adam qalmamışdı bunu deməsin. Mən buna razılıq verdimmi? Xeyr. Nə qədər məni, necə deyərlər, inandırmağa çalışırdılar ki, Ermənistanla hər hansı bir formada bir protokol imzalansın ki, ancaq məsələ sülh yolu ilə həll olunsun. Yəni hərbi yol istisna edilsin. Mən buna razılıq verməmişdim. Ondan sonra məni ittiham etməyə başlamışdılar ki, əgər prezident buna razılıq vermirsə, deməli müharibəyə hazırlaşır. Deyirdim, bəli, hazırlaşıram, xalq hazırlaşır, dövlət hazırlaşır. Demişdim ki, əgər məsələ həll olunmasa, müharibə yolu ilə bunu həll edəcəyik. Açıq demişdim, bunu mən gizlətmirdim.
Bu, hazırlıq dövrü idi. İlk növbədə biz mənəvi cəhətdən hazır olmalı idik. Bütün başqa amillərlə bərabər bu amil həlledici rol oynadı. Müharibənin ilk günündən mənəvi üstünlük bizdə idi. Təkcə ona görə yox ki, biz haqlı idik, onlar nahaq. Erməni rəsmi təbliğatı erməni xalqının beynini elə zəhərləyib ki, onların bəlkə bir çoxları hesab edirdilər onlar haqlıdır ki, bizim torpaqlarımızı zəbt edirlər. Mən demişdim, onları müalicə etdirmək lazımdır. Onlar xəstələniblər, koronavirusdan da betər bir virus hopub bunların canına. O millətçi və irqçi, Azərbaycanafob, islamafob erməni siyasətçiləri buna gətirib çıxardılar.
Təkcə ona görə yox ki, biz haqlı idik. Biz mənəvi üstünlüyü ona görə əldə etdik ki, bütün bu illər ərzində bir amalla yaşamışıq: ərazi bütövlüyümüzün bərpa edilməsi, düşmənlərin torpaqlarımızdan qovulması. Mən demək olar ki, bütün çıxışlarımda, beynəlxalq müstəvidə bütün tədbirlərdə bu məsələni dilə gətirirdim, münaqişəni dilə gətirirdim. Bilirdim ki, gənc nəslin tərbiyə edilməsində bu amil həlledici olacaq.
Amma bizi nəyə sürükləyirdilər bəzi qeyri-hökumət təşkilatları, bəzi guya sülhsevər dairələr ki, gəlin vətəndaş cəmiyyətinin nümayəndələri, digər nümayəndələr bir-biri ilə görüşsünlər, əməkdaşlıq olsun, Ermənistanla Azərbaycan əməkdaşlıq etsin. Mən bu sözləri ən böyük kürsülərdən, bir çox ikitərəfli görüşlərdə çox eşitmişdim ki, siz əməkdaşlıq etməlisiniz, əməkdaşlıq etsəniz, siz Qarabağda yaşayanları inandıra bilsəniz, Ermənistan əgər görsə ki, Azərbaycan xoşniyyət göstərir, onda məsələ həll olunacaq. Başımızı aldatmaq istəyirdilər.
Mən isə deyirdim ki, əməkdaşlıq ancaq o təqdirdə ola bilər ki, düşmən torpaqlarımızdan çıxsın. Yenə də sözümə sadiqəm. İndi düşmən özü çıxmayıb, biz onu rədd eləmişik, qovmuşuq, eyni zamanda əməkdaşlığa hazırıq. Azərbaycan-Ermənistan-Rusiya baş nazirlərinin müavinləri artıq neçə dəfə artıq görüşüblər. Nə barədə danışırlar? Əməkdaşlıq barəsində. Biz əməkdaşlığın əleyhinəyikmi? Yox! İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır. İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Məcbur edəcəyik onları, məcbur edəcəyik. Necə ki, qovmuşuq torpaqlarımızdan, bütün istədiyimizə nail olacağıq. Amma o vaxt Ermənistanla əməkdaşlıq etmək bizim işimizə gələrdimi? Əlbəttə ki, yox. Nə qədər deyirdilər ki, qoy vətəndaş cəmiyyətinin nümayəndələri gəlsinlər, görüşsünlər. Bir müddət belə görüşlər var idi. Amma biz gördük ki, burada əsas mahiyyət kənarda qalır. Sanki müharibə olmayıb. Xocalı soyqırımı olmayıb. Bizim qaçqınlarımız, köçkünlərimiz sanki öz torpaqlarından qovulmayıb. Binalarımız, məscidlərimiz dağıdılmayıb. Biz bunu necə unuda bilərik?
Nə qədər çalışdılar bizi inandırsınlar ki, neft kəmərlərimiz Ermənistan ərazisindən keçsin. Mən buna rədd cavabı verəndə ondan sonra Bakı-Tbilisi-Ceyhan neft kəmərinin maliyyələşməsini bir il yubatdılar. O vaxt biz kreditlərə möhtac idik. Aparıcı beynəlxalq maliyyə qurumları bir il kredit vermədilər ki, bizi məcbur etsinlər buna. Dedim ki, vermirlər, necə deyərlər, cəhənnəmə verməsinlər, özümüz vəsait taparıq.
Bax bu reallığı biz yaratmışıq və yenə də deyirəm, mənəvi hazırlıq həlledici rol oynayıb. Gənc nəsil yetişdi, Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişdi və bu gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Mən demişəm ki, torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, ancaq döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə mən hakimiyyətə gələndə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər”.