Yeni Azərbaycan Partiyasının (YAP) martın 5-i Bakıda, mərkəzi qərargahda keçirilən yeddinci qurultayında qurumun nizamnaməsi yenilənib, Siyasi Şura ləğv edilib, Təftiş Komissiyasının üzvləri (13 nəfər), həmçinin 40 nəfərlik İdarə Heyəti seçilib.
Report.az xəbər verir ki, Veteranlar Şurası yaradılıb. 35 nəfərlik quruma sabiq deputat Arif Rəhimzadə sədrlik edəcək.
Qurultayda 6 siyasi partiyanın YAP-a qoşulması qərarı verilib. Bunlar 1992-ci ildə dövlət qeydiyyatına alınmış Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, 1993-cü ildə qeydiyyata götürülmüş Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, 1994-cü ildən qeydiyyatda olan Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyasıdır.
YAP-ın mətbuat xidmətinin qurultaydan sonra yaydığı məlumata görə, partiya sədri İlham Əliyevin 5 mart sərəncamı ilə birinci vitse-prezident Mehriban Əliyeva sədrin birinci müavini, baş nazirin müavini Əli Əhmədov sədrin müavini, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov sədrin müavini, Mərkəzi Aparatın rəhbəri təyin edilib.
5 mart qurultayına qədər sədrin dörd müavini olub: Mehriban Əliyeva, Əli Əhmədov (o həm də icra katibi idi), dövlət xadimi Əli Həsənov (baş nazirin sabiq müavini), akademik Akif Əlizadə.
Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də yaradılıb. Təsis konfransı Naxçıvan şəhərində keçirilib və o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik edən Heydər Əliyev sədr seçilib.
Heydər Əliyev 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. 1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi respublika rəhbəri olub. 1982-1987-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutub.
1990-cı ildə Heydər Əliyev Azərbaycan parlamentinin və Naxçıvan Ali Sovetinin deputatı seçilib, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olub.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-də Milli Məclisin qərarı ilə prezident səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü və 1998-ci illərdə Azərbaycan prezidenti seçilib. 2003-cü il dekabrın 12-də vəfat edib.
Yeni Azərbaycan Partiyasının ilk qurultayı 1999-cu il dekabrın 20-21-nə, ikinci qurultay 2001-ci il noyabrın 21-nə təsadüf edib.
2005-ci il martın 26-da keçirilən üçüncü qurultayda prezident İlham Əliyev partiya sədri seçilib.
İlham Əliyev Heydər Əliyevin oğludur. 1961-ci il dekabrın 24-ü Bakıda doğulan İlham Əliyev 1994-cü ildən Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti və birinci vitse-prezidenti olub.
1995-ci və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2003-cü il avqustun 4-də baş nazir vəzifəsinə təyin edilib.
2003, 2008, 2013-cü illərin oktyabr ayında və 2018-ci ilin aprelində prezident seçilib.
Yeni Azərbaycan Partiyasının dördüncü qurultayı 2008-ci il avqustun 2-də, beşinci qurultayı 2013-cü il iyunun 7-də, altıncı qurultayı 2018-ci il fevralın 8-də olub.
760 mindən çox üzvü olan YAP 125 nəfərlik parlamentdə 70 deputatla təmsil edilir.