Martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısı keçirilib. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev video formatlı toplantıda çıxış edib.
İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə yaradılıb. Qurumun üzvləri bu ölkələrdir: İran, Pakistan, Türkiyə, Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan.
Zirvə toplantısında danışan Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan Azərbaycanın işğal altında qalan torpaqlarını uğurla azad etdiyini vurğulayıb: “Qardaşımız Azərbaycan erməni işğalı altındakı torpaqlarını şanlı bir zəfərlə azad edib, bölgədə yeni bir dövrün qapılarını açıb. Bundan sonra hədəfimiz Qarabağda təhlükəsizlik və sabitliyin formalaşmasına yardım etmək, 30 illik işğalın fəsadlarını birlikdə aradan qaldırmaqdır. Bu prosesdə də təşkilat olaraq Azərbaycanla tam həmrəylik içində olacağımıza inanıram. Ermənistanın da atacağı sülhsevər addımlarla regional sabitliyin bir hissəsi olacağına ümid edirik. Xalqın iradəsini heçə sayan antidemokratik müdaxilələri əsla qəbul etmədiyimizi və etməyəcəyimizi burada təkrarlamaq istəyirəm”.
İlham Əliyev çıxışında deyib ki, 2020-ci ildə Azərbaycan öz torpaqlarının 30 ilə yaxın davam edən işğalına hərbi-siyasi yollarla son qoyub: “Ermənistan üzərində döyüş meydanında hərbi zəfər siyasi yollarla tam təmin edildi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri 27 il kağız üzərində qalmışdı. Azərbaycan özü həmin qətnamələrin icrasını təmin edərək ərazi bütövlüyünü bərpa etdi. İşğalçılar qədim Azərbaycan torpağı olan Qarabağdan qovuldu. 44 gün ərzində Ermənistan ordusu tam darmadağın edildi. 2020-ci il noyabrın 10-da Azərbaycan Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi.
İşğal zamanı Ermənistan Azərbaycanın kənd və şəhərlərini, bütün mədəni və dini abidələrini qəsdən dağıdıb. Bizim məscidlər donuz və inək saxlanan yerlərə çevrilib. Bütün bunların foto və videoları internetdə var. Bu, bütün islam dünyasına qarşı düşmənçilikdir. Bütün müsəlmanların hisslərini təhqir edən Ermənistanın müsəlman ölkələri ilə əlaqələrini genişləndirmək cəhdləri riyakarlıqdan başqa bir şey deyil.
Hazırda qarşımızda azad olunmuş ərazilərin yenidən qurulması kimi nəhəng vəzifə dayanır. Biz azad olunmuş ərazilərdə şəhər və kəndlərimizi yenidən quracağıq, mədəni və dini abidələrimizi bərpa edəcəyik.
Azərbaycanın Ermənistan üzərində şanlı qələbəsindən sonra Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı. Biz indi gələcək haqqında düşünürük. Biz bölgədə sülh və sabitliyi təmin etmək üçün bir çox ölkələri birləşdirən nəqliyyat layihələrini müzakirə etməyə başlamışıq. Azərbaycan, Türkiyə və İran bölgədə nəqliyyat layihələrinin icrası ilə bağlı vahid mövqe sərgiləyir. Ermənistan da özünü normal apararsa, bu prosesdən faydalana bilər.
Bu xüsusda qeyd etmək istərdim ki, Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsi ilə ölkəmizin ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikasını və Türkiyəni birləşdirəcək yeni bağlantı dəhlizi regionda nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Biz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət edirik”.