Ermənistan prezidenti Armen Sərkisyan Onik Qasparyanın Silahlı Qüvvələrin Baş Qərargahı postundan çıxarılması barədə ikinci təqdimatı da imzalamayıb. Novator.az-ın məlumatına görə, dövlət başçısının qərarı martın 2-də açıqlanıb, qeyd olunub ki, Konstitusiya Məhkəməsinə sorğu göndərilib. Sorğu “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanunun konstitusiyaya uyğunluğu məsələsini əhatə edir.
“Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna görə, prezident baş nazirin təqdimatını ikinci dəfə imzalamayanda qaldırılan məsələ həllini tapır. Yəni Onik Qasparyan Baş Qərargah rəisi postunu tərk etməli olacaq.
Fevralın 23-də Ermənistan televiziyalarının birinə müsahibə verən baş nazir Nikol Paşinyan ötən ilin payızındakı Qarabağ müharibəsi zamanı ölkəsinin Rusiya istehsallı “İskəndər” raketləri tətbiq etdiyini, ancaq bu silahın gözlənən effekti vermədiyini deyib. Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin birinci müavini Tiran Xaçatryan bu açıqlamanı lağa qoyub. Fevralın 24-də prezident Armen Sərkisyan Nikol Paşinyanın təqdimatını nəzərə alaraq Tiran Xaçatryanı vəzifədən çıxarıb.
Fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat yayaraq Nikol Paşinyanın istefası tələbini irəli sürüb. Baş Qərargahın rəisi Onik Qasparyanın, onun müavinlərinin, idarə rəislərinin, iri hərbi birləşmələrin komandirlərinin imzaladığı bəyanatda Tiran Xaçatryanın Baş Qərargah rəisinin birinci müavini postundan çıxarılmasına etiraz bildirilib.
Hərbçilərin bəyanatı Nikol Paşinyanın sərt etirazına səbəb olub. O, bəyanatı dövlət çevrilişi cəhdi kimi qiymətləndirib, baş nazir Onik Qasparyanın da vəzifədən götürülməsi üçün prezident Armen Sərkisyana təqdimat verib.
Fevralın 27-də Armen Sərkisyan təqdimatı geri qaytarıb, ancaq Nikol Paşinyan Onik Qasparyanın postdan götürülməsində israr edərək dövlət başçına yeni təqdimat göndərib.
Onik Qasparyan 2020-ci il iyunun 8-dən Baş Qərargah rəisidir. O, 1988-1990-cı illərdə SSRİ Silahlı Qüvvələrində xidmət keçib. 1990-cı ildən könüllü kimi Ermənistan sərhədlərinin qorunmasında iştirak edib, 1993-cü ildən Ermənistan Ordusunun hərbi hissələrinin birində batalyon komandirinin müavini, polk qərargahı rəisinin müavini, kəşfiyyat rəisinin köməkçisi, kəşfiyyat rəisi, polk komandirinin müavini olub.
Rusiya Müdafiə Nazirliyinin Ali Zabit Kursunu, Rusiya Silahlı Qüvvələri Ümumqoşun Akademiyasını və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib.
Müxtəlif hərbi hissələrə komandirlik edən, ordu korpuslarında məsul vəzifələr tutan Onik Qasparyan 2012-ci ildən korpus komandiri, 2016-cı ildən Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin müavini, 2017-ci ildən birinci müavini olub.
Ermənistanda dövlət çevrilişi ehtimalı
Köçəryan istefa tələbinə dəstək verdi
Ermənistandakı gərginlik Bakıdan necə görünür?
Paşinyan müqavimət qarşısında dirənir
Paşinyan qələbəliyi nə deməkdir?