Martın 1-i axşam Ermənistanın paytaxtı Yerevanın Respublika meydanında baş nazir Nikol Paşinyana dəstək mitinqi və şəhərin mərkəzi küçələri ilə yürüş keçirilib. Nikol Paşinyanın çağırışı ilə baş tutan aksiyalar kütləviliyi ilə fərqlənib. Novator.az-ın məlumatına görə, bu məqama diqqət çəkən AXCP sədri Əli Kərimli özünün “Facebook” səhifəsində yazır ki, 1 mart aksiyası təkcə Nikol Paşinyana dəstək nümayişi deyil: “Aksiyadakı kütləvilik həm də o deməkdir ki, erməni xalqı 10 noyabr razılaşmasından, atəşkəsdən prinsipcə razıdır, bundan artığını əldə edəcəyini düşünmür. Xalq, dilə gətirməsə də, qəbul edib ki, məhz biz azərbaycanlılar bu münaqişədə haqlı və güclü tərəfik.
Erməni xalqı 30 il ərzində cəlb olunduğu Qarabağ avantürasından bezib və bu yükdən qurtulmaq istəyir. Azərbaycanla yeni savaş, revanş istəmir. Revanş və yeni savaş istəyinin sifarişi xaricdən gəlir və bunu korrupsioner köhnə hakimiyyətin qalıqları dəstəkləyir.
Cənubi Qafqazda Rusiyadan ən asılı ölkə olan Ermənistanda xalq Rusiyanın forpostu olmaqdan yorulub, Qarabağ buxovundan qurtarıb Avropaya inteqrasiya olunmaq istəyir.
Erməni xalqı hərbi revanş, Rusiya ilə sıx birlik təklif edən, yaxşı tanıdığı keçmiş korrupsionerləri bir də hakimiyyətə buraxmaq istəmir”.
Fevralın 23-də Ermənistan televiziyalarının birinə müsahibə verən baş nazir Nikol Paşinyan ötən ilin payızındakı Qarabağ müharibəsi zamanı ölkəsinin Rusiya istehsallı “İskəndər” raketləri tətbiq etdiyini, ancaq bu silahın gözlənən effekti vermədiyini deyib. Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin birinci müavini Tiran Xaçatryan bu açıqlamanı lağa qoyub. Fevralın 24-də prezident Armen Sərkisyan Nikol Paşinyanın təqdimatını nəzərə alaraq Tiran Xaçatryanı vəzifədən çıxarıb.
Fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat yayaraq Nikol Paşinyanın istefası tələbini irəli sürüb. Baş Qərargahın rəisi Onik Qasparyanın, onun müavinlərinin, idarə rəislərinin, iri hərbi birləşmələrin komandirlərinin imzaladığı bəyanatda Tiran Xaçatryanın Baş Qərargah rəisinin birinci müavini postundan çıxarılmasına etiraz bildirilib.
Hərbçilərin bəyanatı Nikol Paşinyanın sərt etirazına səbəb olub. O, bəyanatı dövlət çevrilişi cəhdi kimi qiymətləndirib, baş nazir Onik Qasparyanın da vəzifədən götürülməsi üçün prezident Armen Sərkisyana təqdimat verib.
Fevralın 27-də Armen Sərkisyan təqdimatı geri qaytarıb, ancaq Nikol Paşinyan Onik Qasparyanın postdan götürülməsində israr edərək təkrar təqdimat verib.
Martın 1-də Nikol Paşinyanın sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında prezident Armen Sərkisyana müraciət qəbul olunub. Müraciətdə dövlət başçısı Onik Qasparyanı Baş Qərargahın rəisi postundan azad etməyə çağırılıb.
Bir qrup müxalif partiya isə Nikol Paşinyanın istefası tələbinə dəstək verir. Fevralın 25-dən paytaxtda, parlament binasının qarşısında fasiləsiz aksiya keçirilir. Həmin qüvvələr Nikol Paşinyanın istefası tələbini ötən ilin noyabr ayında, Qarabağ razılaşmasından narazılıq fonunda gündəmə gətirib.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək istəyi ilə təcavüzə başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ “müstəqil dövlət” elan olunub. Bunun ardınca müharibə alovlanıb. 1994-cü ilin mayında elan olunan atəşkəsə qədər Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı bölgələri işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi azad olunub.
Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putinin noyabrın 10-da açıqlanan birgə bəyanatı ilə hərbi əməliyyatlar dayandırılıb.
Dağlıq Qarabağda təmas xətti və bölgə ilə Ermənistan arasında əlaqəni təmin edən Laçın yolu boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib.
Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də Laçın rayonunu Azərbaycana qaytarıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi ermənilərin nəzarətində qalır.
1975-ci il təvəllüdlü Nikol Paşinyan əsası 2013-cü ildə qoyulmuş Vətəndaş Sazişi Partiyasının lideridir. 2017-ci ilin parlament seçkisində Vətəndaş Sazişi Partiyası daha iki partiya ilə birgə “Çıxış” bloku yaradıb. Blok 105 nəfərlik parlamentə 9 mandat qazanıb.
2018-ci il martın 31-dən Nikol Paşinyan Ermənistanda prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı xalq hərəkatına başçılıq edib. Aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatıb. Həmin gün ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb. Aprelin 17-də Serj Sərkisyan baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də xalq etirazlarına tab gətirməyərək istefa verib.
Mayın 8-dən baş nazir postuna Nikol Paşinyan keçib.
2018-ci il dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində Nikol Paşinyanın “Mənim addımım” bloku qələbə qazanaraq hökumət qurub. “Mənim addımım” bloku 132 deputatdan ibarət parlamentdə 83 mandatla təmsil edilir.
Ermənistanda dövlət çevrilişi ehtimalı
Köçəryan istefa tələbinə dəstək verdi