Prezident İlham Əliyevin 2 fevral 2021-ci il sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər” sənədində beş milli prioritet yer alır: dayanıqlı artan rəqabət qabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.
Novator.az-ın məlumatına görə, iqtisadçı Rövşən Ağayev Bakuresearchinstitute.org saytında yazır ki, 2 fevral sənədi inkişaf etmiş ölkələrin təcrübəsində olan milli inkişaf planı sənədlərinin analoqu kimi hazırlanıb və ölkənin gələcəyi ilə bağlı hədəfləri müəyyən edir: davamlı və yüksək iqtisadi artım, daxili və xarici təsirlərə dayanıqlılıq, inkişafdan hər bir vətəndaşın bəhrələnməsi, tarazlı bölgə inkişafı, ədalətli sosial təminat və inklüziv cəmiyyət, inkişaf etmiş təhsil, sağlam həyat tərzi, innovativ cəmiyyət, işğaldan azad edilmiş ərazilərdə məskunlaşma, yaşıl enerjinin inkişafı: “Bu prioritetlərin hamısının birlikdə və hər birinin ayrılıqda reallaşması üçün vacib olan prioritet səmərəli və yaxşı hökumət idarəçiliyidir. İnzibati və maliyyə əks-mərkəzləşməsi vasitəsilə yerli özünüidarənin güclənməsinə üstünlük verən, dövlət xərclərinin səmərəliliyinə, dövlət idarəetməsində iştirakçılıq, şəffaflıq və hesabatlılığa üstünlük verən hökumət yaxşı hökumət sayıla bilər.
İqtisadiyyatı inkişafdan saxlayan daha iki mühüm strateji məsələ var ki, onlar iqtisadi inkişafın ən vacib prioritetləri kimi götürülməlidir. Söhbət tarazlı bölgə inkişafı və sərvət bölgüsündə kəskin qeyri-bərabərliyin aradan qaldırılmasından gedir. Doğrudur, 2 fevral sənədində regional inkişaf prioritetlərdən birinin məqsədi kimi götürülüb. Lakin bu problem ölkə üçün o qədər kəskin xarakter alıb ki, onun hansısa prioritetin içərisində bir element kimi götürülməsi yox, əsas prioritetlərdən biri kimi bəyan edilməsi daha doğru və peşəkar idarəetmə yanaşması olardı. Yaxud Azərbaycanı inkişafdan saxlayan, hətta milli təhlükəsizliyi təhdid edəcək səviyyədə problem olan qeyri-bərabər sərvət və gəlir bölgüsünün aradan qaldırılması, korrupsiyasız cəmiyyət quruculuğunun da ayrıca prioritet kimi götürülməsi çox vacib idi.
Hazırkı formatda və yanaşma ilə hazırlanan strateji prioritetlər sənədini bir cümlə ilə ifadə etmək lazım olsa, yalnız bunu demək mümkündür: mövcud idarəetməni dəyişmədən iqtisadiyyatı kökündən dəyişməyi hədəfləyən sənəd.
Azərbaycan hökuməti axır 10 ildə özünün uzunmüddətli strateji prioritetləri ilə bağlı iki müxtəlif sənəd qəbul edib: 2012-ci ildə “Azərbaycan 2020: gələcəyə baxış konsepsiyası”, 2016-cı ildə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” rəsmiləşib.
Birinci sənədə görə, Azərbaycan iqtisadiyyatı hər il orta hesabla 7% böyüməli idi. Amma 2012-ci illə müqayisə etsək, hətta pandemiyanın təsirlərini nəzərə almasaq, rəsmi statistikaya görə, Azərbaycan iqtisadiyyatı 2014-2019-cu illərdə hər il orta hesabla maksimum 1,5% böyüyüb.
Yaxud bu sənəddə bölgələrin tarazlı inkişafı nəzərdə tutulmuşdu. Amma statistik məlumatların analizi göstərir ki, son 8 ildə paytaxtın iqtisadiyyatda rolunu azaltmaq mümkün olmayıb. Bakıda yaranan ümumi daxili məhsulun (ÜDM) həcmi 2012-ci ildə 43,8 milyard manat, 2019-cu ildə 63,9 milyard manat təşkil edib. Həmin illərdə ölkə üzrə ÜDM həcminin 54,7 milyard manat və 81,9 milyard manat olduğunu nəzərə alsaq görərik ki, paytaxtın iqtisadiyyatda payında ciddi dəyişiklik baş verməyib, təhlil aparılan bütün dövr ərzində 80% ətrafında olub.
İkinci sənəddə 2025-ci ilə qədər adambaşına düşən qeyri-neft əmtəə ixracının həcminin 170 dollardan 450 dollara yüksəldilməsi, dövlət büdcəsinin Neft Fondundan asılılığının 15%-dək azaldılması, bir sıra sahələrdə, xüsusən, rabitə sektorunda dövlətsizləşdirmə prosesinin həyata keçirilməsi hədəflənib. Hələ də bu hədəflərə yetişmək istiqamətində hər hansı irəliləyiş yoxdur.
Ən yaxşı işlənmiş proqram və strategiya sənədi, ən mükəmməl hüquqi mexanizmlər belə ölkələri böhranlı vəziyyətdən çıxaracaq sehrli çubuq deyil. Peşəkar işlənmiş sənəd həm də effektiv və həmin sənəddə nəzərdə tutulan tədbirləri tam icra edəcək, siyasi iradəyə malik idarəetmə olduqda nəticə verir. Proqram idarəetməsi bütün maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyətinin və biznesin iştirakı ilə hazırlandıqda, cəmiyyətin ehtiyacları tam nəzərə alındıqda, nəticələrini ölçmək üçün indikatorlara malik olduqda, nəticələrinin qiymətləndirilməsi üçün müstəqil monitorinq mexanizminə əsaslandıqda iqtisadi inkişafa töhfə verir. Yalnız idarəetmənin effektivliyini artırmağı hədəfləyən strategiya sənədindən nəticə gözləmək mümkündür. Çünki idarəetməni dəyişmədən iqtisadiyyatı yalnız hazırlanmış sənədlərin gücü ilə dirçəltmək mümkün olsaydı, istənilən ölkə hətta dünyanın aparıcı beyin mərkəzlərinin mütəxəssislərini cəlb etməklə ən mükəmməl sənədləri hazırlamaqla inkişaf edə bilərdi”.