İqtisadçı Qubad İbadoğlunun rəsmi qurumlara iradı var. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, Dövlət Statistika Komitəsi (DSK) 2020-ci ildə Azərbaycanda 20,1 min iş yerinin bağlandığını açıqlayıb: “Hesabata əsasən, iş yerlərinin 20,4 faizi müəssisə və təşkilatların fəaliyyəti dayandırması, 79,6 faizi ixtisarlar üzündən qapanıb. DSK 2019-cu ildə 9,4 min iş yerinin bağlandığını bəyan etmiş, iş yerlərinin 39,8 faizinin müəssisə və təşkilatların dayanması, 60,2 faizinin ixtisarlar nəticəsində itirildiyini bildirmişdi. Rəsmi statistikada 2020-ci ildə 129 min, 2019-cu ildə 192 min yeni iş yerinin açıldığı qeyd olunub.
Məşğulluq statistikasında gerçək durumu gizlətmək üçün DSK 2019-cu ildən bağlanmış iş yerlərinin sayından fərdi sahibkarlıq subyektlərində işini itirənləri çıxarıb və bununla da bağlanmış iş yerlərinin sayını saxtalaşdırır.
2020-ci il aprelin 1-dən məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı açıqlanmır. Yəqin DSK ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi düşünürlər ki, bu məlumatları gizlədəndə işsizlər azalacaq.
DSK-nın saytında yerləşdirilmiş sorğudan bəlli olur ki, mərkəzi statistika idarəsinin açıqladığı informasiyalar 13 minə qədər istifadəçinin 40 faizindən çoxunu qane etmir. Rəy sorğusunu nəzərə alıb vəziyyəti düzəltmək əvəzinə DSK ildən-ilə informasiyaya çıxışı məhdudlaşdırır”.