Sahibkarlıq sahəsində yoxlamaları dayandıran qanun yenilənir. Novator.az bildirir ki, Milli Məclisin 23 fevral iclasında ilk oxunuşdan keçən layihəyə görə, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin elektrik, su və qaz sayğaclarına müdaxiləsi, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulması hallarının araşdırılması ilə bağlı yoxlamalar apara biləcək.
2015-ci il noyabrın 1-də rəsmiləşən qanun yoxlamaları (Baş Prokurorluğun korrupsiya cinayətlərinin araşdırılması üzrə apardığı yoxlamalar istisna olmaqla) dayandırıb. 2022-ci il yanvarın 1-dək qüvvədə olması nəzərdə tutulan qanun vergi yoxlamaları, maliyyə bazarları sahəsində yoxlamalar, gömrük auditi, özəl tibb fəaliyyətinin subyektlərində yoxlamalar, dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi, qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələblərinə əməl edilməsinə nəzarət, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə yoxlamalar aparmaq imkanı verir.