Prezident İlham Əliyev fevralın 23-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini video formatında qəbul edib.
AZƏRTAC xəbər verir ki, İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin daimi forumları zamanı Dağlıq Qarabağ münaqişəsindən söz açdığını xatırladıb: “Hər dəfə ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına diqqət çəkirdim. İndi vəziyyət dəyişib. Azərbaycan beynəlxalq hüququ bərpa edib, regionda və dünyada yeni reallıqlar yaradıb. Bölgədə uzunmüddətli sülhün və sabitliyin bərqərar olması imkanından istifadə etmək üçün indi çox şey bu reallıqları region ölkələrinin, böyük dövlətlərin düzgün qiymətləndirməsindən asılı olacaq. Zənnimcə, bu gün Azərbaycan həqiqətən də düşmənçilik, nifrət, qarşıdurma səhifəsini bağlamaq və region üçün gələcək qurmağa hazır olduğunu nümayiş etdirir. Biz yenidənqurma işlərinə, bütün region ölkələri üçün və nəticədə regionda sabitlik və proqnozlaşdırılma üçün faydalı olacaq layihələri həyata keçirməyə başlamışıq. Ona görə də düşünürəm ki, hamımızın yeni reallıqları qiymətləndirməyə və əməkdaşlığın müsbət imkanlarına və sülh şəraitində birgəyaşayışa diqqəti cəmləşdirmək üçün hökumətlər və beynəlxalq təşkilatlar olaraq addımlarımızı planlaşdırmağa ehtiyac var.
Azərbaycan öz öhdəliklərinə sadiqdir. Biz müharibə zamanı beynəlxalq norma və qaydalara əməl etməklə çox ləyaqətli, doğru şəkildə davrandıq. Müharibədən sonra çox konstruktiv yanaşma nümayiş etdiririk. Düşünürəm ki, bu reallıqlar uzunmüddətli olacaq.
Regionumuzun uzun illər ərzində gözlədiyi sülh bərqərar olub və bu sülh uzunmüddətli olmalıdır. Əminəm ki, mərkəzin fəaliyyətində həmçinin bu imkanlara, müharibədən sonrakı inkişaf imkanlarına, münaqişədən sonrakı vəziyyətə diqqəti cəmləyəcəksiniz.
Dağlıq Qarabağ münaqişəsi sona çatıb, tarixin bir hissəsinə çevrilib. İndi biz diqqəti qarşımızdakı məsələlərə cəmləşdirməliyik, ilk növbədə, əlbəttə ki, ərazilərin yenidən qurulmasına, bərpasına. Hər şey məhv olub. Biz dağıntıların miqyasını təsəvvürümüzə belə gətirə bilməzdik. Ağdamda, Füzulidə, azad edilmiş digər ərazilərdə, kəndlərdə, şəhərlərdə bir bina belə qalmayıb. Hər şey, tarixi abidələr dağıdılıb. Yenidənqurma işləri aparmaq üçün çoxlu tədbir görülməlidir. Əlbəttə, biz bu işə sadiqik, bunu etmək üçün bizim güclü iradəmiz, imkanlarımız var.
İndi beynəlxalq birliyin həqiqəti bilməsini istəyirik. Xarici diplomatlar, beynəlxalq medianın nümayəndələri işğaldan azad olunmuş əraziləri ziyarət edəndə işğal nəticəsində bizim tarixi abidələrimizin, mədəni abidələrimizin nə vəziyyətə salındığını həqiqətən görürlər. Bizim əraziləri işğal edənlər hər şeyi məhv ediblər. Ümid edirəm ki, pandemiyadan sonra mərkəzin üzvlərinin də işğaldan azad edilmiş əraziləri ziyarət etmək fürsəti olacaq”.