Rusiyada quşçuluq fabriklərindən birində quş qripinin yeni növü olan H5N8 ştamının quşlardan insana keçməsi xəbəri bir çox KİV-də yanlış olaraq quş qripinin ilk dəfə quşlardan insana keçməsi hadisəsi kimi təqdim edilib.
Əslində isə quş qripi çoxdan quşlardan insana keçib. İndiyədək neçə-neçə ölkədə neçə-neçə adam bu virusun H5N1, H7N9 и H9N2 ştamlarına yoluxub.
Novator.az bildirir ki, Azərbaycanda quş qripinə – H5N1 ştamına insanlar arasında ilk yoluxma 2006-cı ilin mart ayında, bu virus ev və çöl quşları arasında yayılandan az sonra qeydə alınıb.
O zaman Salyan və Tərtər rayonlarında ümumilikdə ən azı 8 nəfərdə H5N1 virusu aşkarlanıb.
Salyanda quş qripinə yoluxan 7 nəfərdən 4-ü vəfat edib.
Tərtərdə virusa yoluxan şəxs də dünyasını dəyişib.
Tərtərdə daha bir adamın virusdan ölməsi isə ehtimal olaraq qalıb, çünki həmin ölümün səbəbini dəqiqləşdirmək mümkün olmayıb.
Dünyada insanların quş qripinin H5N8 ştamına yoluxması hadisəsi isə ilk dəfədir baş verir. Yəni Rusiyada baş verən quş qripinin yox, onun yeni növü olan H5N8 ştamının ilk dəfə olaraq quşlardan insana keçməsi hadisəsidir.
Rusiya tərəfi bu hadisəni 2020-ci ilin dekabrında qeydə alıb. Ölkədə quşçuluq fabriklərindən birində çalışan 7 nəfərin H5N8 ştamına yoluxduğu aşkarlanıb.
Rusiyanın “Rospotrebnadzor” təşkilatı faktı tam dəqiqləşdirəndən sonra 2021-ci ilin fevralında məsələ ilə bağlı Dünya Səhiyyə Təşkilatını məlumatlandırıb.
Xəstələr hazırda özlərini yaxşı hiss edirlər.
H5N8 ştamının insandan insana keçməsi halı hələlik qeydə alınmayıb.
H5N8 ştamı ev quşları üçün çox təhlükəlidir. Son aylarda quş qripinin bu növü Rusiyada, Avropada, Çində, Yaxın Şərqdə, Afrikanın şərqində və şimalında quşlar arasında geniş yayılıb. Nəticədə xeyli ev quşu qırılıb. Üstəlik, yeni ştamın yayılmasının qarşısını almaq üçün quşçuluq təsərrüfatlarının sahibləri və dövlət orqanları H5N8-ə yoluxmuş quşların kütləvi surətdə məhv edilməsinə qərar verməli olub. Ümumiyyətlə quş qripinə yoluxan ev quşları bir qayda olaraq məhv edilir.
Yeni ştamın insandan insana keçib-keçməyəcəyi hələ bilinmir. Bunu zaman göstərəcək.