Bəkir Nərimanoğlu
Pay torpaqları mülkiyyətçiləri koronavirus pandemiyasına görə tətbiq edilən xüsusi karantin rejimində rəsmi yaşayış minimumu məbləğində (2020-ci ildə 190 manat olub) birdəfəlik ödəməni ala bilmir. Çünki qanun onları məşğul kimi tanıyır.
Belə şəxslərdən biri – Aydın Məmmədov Tovuzda yaşayır. Bakıda, tikinti şirkətlərinin birində usta köməkçisi işləyən Məmmədov 2020-ci ildə pandemiya məhdudiyyətləri üzündən Tovuza qayıtmaq məcburiyyətində qalıb. Deyir ki, Tovuzun kəndlərinin birindəki 12 sot pay torpağı işsiz kimi qeydiyyatına əngəldir, hətta pandemiyaya görə verilən 190 manatlıq yardımın qarşısını kəsib.
Pay torpağı mülkiyyətçilərinin məşğul əhali hesab olunması çoxdan müzakirə mövzusudur. Müstəqil ekspertlər bu qaydanı ədalətsiz sayır.
“Məşğulluq haqqında” qanuna əsasən, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri də məşğul şəxslər sayılırlar. Həmin şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir.
İqtisadçı ekspert Rövşən Ağayev deyir ki, “Məşğulluq haqqında” qanun torpaq ölçüsü nəzərə alınmadan bütün torpaq payçılarını məşğul əhaliyə aid edir və onların işsiz kimi müraciət etməsinə hüquqi maneə yaradır: “Ailədə adambaşına 0,1 hektar və 1 hektar torpağa sahib olan əmək qabiliyyətli şəxsləri hər hansı istisna və meyar olmadan eyni səviyyədə məşğul əhali kateqoriyasına aid etmək sosial baxımdan ədalətli sayıla bilməz. Adambaşına düşən torpaq sahəsi bütün becərmə xərcləri çıxıldıqdan sonra hər nəfər üçün yaşayış minimumu səviyyəsində gəlir təmin etmirsə, həmin ailə təsərrüfatının əmək qabiliyyətli üzvlərinin məşğul hesab edilməsi düzgün deyil”.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Cəmaləddin Quliyev “İşsizlərə pandemiyanın mənfi təsirlərinin azaldılması tədbirləri: hökumətin siyasəti və nəticələr” adlı tədbirdə bildirib ki, pay torpağı mülkiyyətçilərinin məşğul əhali hesab edilməməsi üçün təkliflər hazırlayırlar: “Nəzərdə tutulur ki, passiv və ya aktiv məşğulluq tədbirlərinə cəlb ediləcək şəxslərin torpaq payı mülkiyyətçisi olması nəzərə alınmasın, yəni müvafiq tədbirlər onlara da şamil olunsun”.
Quliyev əlavə edib ki, hətta o şəxslər məşğul sayılsalar belə, onlara aktiv və passiv məşğulluq tədbirlərinin şamil edilməsi təklifi verəcəklər.
Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyir ki, “Məşğulluq haqqında” qanunun tələblərinə diferensial yanaşma olmalıdır: “İnkişaf etmiş ölkələrin regionlarında yaşayan insanların məşğulluğu onların əldə etdikləri gəlirlərə əsasən hesablanır. Hazırkı qanunvericiliyə əsasən, 10 sot torpağı olan da, 10 hektar torpaq sahibi olan da məşğul sayılır. Halbuki 10 sot torpaq onun sahibinə xüsusi gəlir əldə etmək imkanı vermir. Əksinə, pay torpağı olanlar sosial yardımlara da müraciət edə bilmirlər”.
Bayramov 20 sotadək pay torpağı olanların məşğul sayılmaması və onlara sosial proqramlara müraciət imkanı verilməsini təklif edir.