İqtisadçı Samir Əliyev koronavirus pandemiyasından zərər çəkən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi statistikasını şərh edib. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, Dövlət Vergi Xidməti 2021-ci il yanvarın 21-dək fərdi (mikro) sahibkarlara dörd mərhələdə maliyyə dəstəyi verib: “Birinci mərhələdə 107256 vergi ödəyicisi 63,7 milyon manat, ikinci mərhələdə 50148 vergi ödəyicisi 13,3 milyon manat, üçüncü mərhələdə 12982 vergi ödəyicisi 5,99 milyon manat, dördüncü mərhələdə 83162 vergi ödəyicisi 29,5 milyon manat alıb.
Üçüncü mərhələ iki şəhər və səkkiz rayonun sahibkarlarını əhatə edib. Sahibkarlar maliyyə yardımından daha çox ilk mərhələdə yararlanıb, hər vergi ödəyicisinə orta hesabla 594 manat düşüb. İkinci mərhələdə bu göstərici 265 manat, üçüncü mərhələdə 461 manat, dördüncü mərhələdə 355 manat olub. Dördüncü mərhələ hələ bitməyib və yardımının artması mümkündür.
Ancaq əsas sual üç mərhələ üzrə fərqli göstəricilərdir. Yəni karantin rejimində xüsusi fərq yoxdursa, sahibkarların sayının və aldıqları vəsaitin həcminin azalması nə ilə bağlıdır? Son mərhələdə heç bir meyar və prinsip görünmür. Eyni fəaliyyət təsnifatına malik, eyni ərazidə çalışan sahibkarın biri yardım alır, digəri yox.
Nazirlər Kabineti bölgünü fəaliyyət sahəsi əsasında aparırsa, bu prinsip təsdiqini tapmır. Ərazi əsasında aparırsa, yenə də cavab mənfidir. Bəs Dövlət Vergi Xidməti nə əsasında bir sahibkara yardım verir, digərinə yox?
Bildiyim qədər Nazirlər Kabineti yeni bir meyar təsdiqləməyib və zərər görmüş bütün sahibkarlara yardım edilməlidir.
Bəlkə dövriyyənin həcmi əsas götürülür? Bunun da məntiqi yoxdur. Çünki dövriyyənin böyüməsi gəlirin artması anlamına gəlmir.
Dövlətə ödənən verginin həcmi əsasında yardım edilirsə, burada ədalət prinsipi pozulur. Belə çıxır ki, çox vergi ödəyən qalır kənarda, az vergi ödəyənə dəstək verilir”.
2020-ci il aprelin 4-də Nazirlər Kabineti koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər planı təsdiqləyib. Planda fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi də yer alıb. Bu maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil edilib.