Gürcüstanın baş naziri Georgi Qaxariya fevralın 18-də istefa verib. Novator.az bildirir ki, hökumət başçısı istefanı müxalif siyasətçi, Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın həbsi barədə qərara etirazı ilə əsaslandırıb.
Nika Meliyanın həbsinə qərarı fevralın 17-də Tbilisi Şəhər Məhkəməsi çıxarıb. Siyasətçi paytaxt Tbilisidə 2019-cu il iyunun 20-də keçirilmiş sanksiyasız aksiyanın təşkilində ittiham olunur.
Georgi Qaxariya 1975-ci ildə doğulub. Hökumətə 2019-cu il sentyabrın 8-dən rəhbərlik edir. O, Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının təmsilçisidir. 2012-ci ildə yaradılmış Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası həmin il və 2016-cı ildə keçirilmiş parlament seçkilərində çoxluq əldə edərək hökumət qurub.
Partiya 2020-ci ildə iki turda – oktyabrın 31-i və noyabrın 21-də keçirilmiş parlament seçkisini udub, 150 yerlik qanunverici orqanda 90 mandata sahib çıxıb. Hökumət qurmaq üçün 76 mandat kifayətdir.
Gürcüstan parlamenti Georgi Qaxariyanın yeni hökumətinin tərkibini ötən il dekabrın 24-də təsdiqləmişdi.
Əsası 2001-ci ildə qoyulan Vahid Milli Hərəkat Partiyasının qurucusu sabiq prezident Mixail Saakaşvilidir. 2020-ci ilin parlament seçkisində Vahid Milli Hərəkat Partiyasının yaratdığı müxalif “Güc birlikdədir” bloku 36 mandata sahib çıxıb, qalan 24 mandat yeddi siyasi qüvvə arasında bölünüb.
Seçkinin rəsmi nəticələri ilə barışmayan “Güc birlikdədir” bloku və daha dörd müxalif qurum mandatlardan imtina edib. Bu istək rəsmiləşib, parlamentdə 50 yer boş qalıb.
Mənbə: Sputnik-georgia.ru
2019-cu il iyunun 20-si Gürcüstan parlamentində Pravoslav Parlamentlərarası Assambleyasının sessiyası keçirilib. Tədbirə Rusiya Dövlət Dumasının kommunist deputatı Sergey Qavrilovun sədrlik etməsi müxalif deputatların sərt etirazına səbəb olub, onlar beynəlxalq tədbiri yarımçıq dayandırıblar.
20 iyun qalmaqalı kütlələri də hərəkətə gətirib. Vahid Milli Hərəkat və Avropa Gürcüstanı partiyalarının çağırışı ilə Tbilisinin mərkəzinə toplaşan müxaliflər parlament sədri İrakli Kobaxidzenin və başqa yüksək rəsmilərin istefasını tələb ediblər.
Həmin axşam müxaliflərin bir qrupu parlament binasına daxil olmağa çalışıb. Polis bunun qarşısını almaq üçün güc tətbiq edib. Toqquşmalarda 80-i polis əməkdaşı olmaqla 240 nəfər xəsarət alıb.
Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının təmsilçisi olan İrakli Kobaxidze iyunun 21-də parlament sədri postundan istefa verib.