Xarici işlər naziri Ceyhun Bayramov fevralın 16-da Dağlıq Qarabağ münaqişəsinin dinc həllində vasitəçi olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Skofer (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə bir araya gəlib. Mfa.gov.az-ın məlumatına görə, video formatlı görüşdə bölgədəki vəziyyət, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarının icrası ilə bağlı məsələlər müzakirə olunub, dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün etimadın bərpasının və əmin-amanlıq şəraitində birgəyaşayışın vacibliyi vurğulanıb.
Beynəlxalq vasitəçilərin həmin gün Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla da analoji müzakirə apardığı xəbər verilir.
Novator.az bildirir ki, 1992-ci ildə yaradılmış Minsk qrupunda Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan və Azərbaycan da təmsil olunur.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın Dağlıq Qarabağ vilayətini və onun ətrafındakı bölgələrin böyük qismini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bir çox qəsəbə və kənd azad olunub.
Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar.
Bəyanata əsasən, noyabrın 10-dan Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar dayandırılıb.
Dağlıq Qarabağa və bu bölgəni Ermənistanla birləşdirən Laçın yoluna Rusiyanın hərbi kontingenti yeridilib.
Ermənistan dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarıb.
Razılaşma həmçinin Türkiyə və Rusiya hərbçilərindən ibarət sülhməramlı mərkəz yaradılmasını, hərbi əsirlərin, girovların, həlak olanların meyitlərinin dəyişdirilməsini, köçkünlərin Dağlıq Qarabağa və ətraf rayonlara qayıtmasını, bölgədəki bütün iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi ermənilərin, Laçın şəhəri və rayonun bir neçə kəndi Rusiya hərbçilərinin nəzarətindədir.
Bu il yanvarın 11-i Moskvada görüşən İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putin daha bir bəyanat imzalayıblar. Bəyanata əsasən, regionda bütün iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasını reallaşdırmaq məqsədilə üç ölkənin baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradılıb. İşçi qrupa nəzərdə tutulan işlərin əsas istiqamətlərinin siyahısını formalaşdırmaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını, həmçinin hər üç tərəf arasında razılaşma əsasında digər istiqamətləri müəyyən etmək həvalə olunub.
Yanvarın 30-u Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi açılıb. Həmin gün Moskvada Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Rusiya baş nazirinin müavini Aleksey Overçuk və Ermənistan baş nazirinin müavini Mger Qriqoryanın sədrliyi ilə keçən iclasda tərəflər daşınmalar, daşımaların təhlükəsizliyinin, eləcə də onlara sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarətin təmin edilməsinə dair ekspert altqruplarının yaradılması barədə qərar qəbul ediblər.