Fevralın 16-da Bakı Apellyasiya Məhkəməsi məhbus AXCP fəalı Məhəmməd İmanlının şikayəti üzrə prosesi yekunlaşdırıb. Novator.az-ın məlumatına görə, şikayət təmin olunmayıb, cəbhəçi həbsdə saxlanıb.
Şikayət Sabunçu Rayon Məhkəməsinin 2020-ci il dekabrın 1-də çıxardığı hökmdən verilmişdi. Həmin hökmlə Məhəmməd İmanlı 1 il müddətinə azadlıqdan məhrum edilib. İttihama əsasən, Məhəmməd İmanlı koronavirus xəstəsi ola-ola evdən çıxıb və epidemiyanın yayılması üçün real təhlükə yaradıb.
Sabunçu Rayon Polis İdarəsi bəyan edib ki, Məhəmməd İmanlı 2020-ci il iyulun 20-də əməliyyat məlumatı əsasında küçədə saxlanıb polis idarəsinə gətirilib.
Məhəmməd İmanlı isə bildirib ki, iyulun 16-da sahə rəisi ona zəng edib, o da həmin zəng əsasında evin yanında rəislə görüşüb və polisə aparılıb.
Gənc fəalın sözlərinə görə, onu dörd gün Sabunçu Rayon Polis İdarəsinin 13-cü bölməsində saxlayıblar, həmin müddət ərzində Baş Prokurorluğun İstintaq İdarəsinə aparıb Azərbaycan Ordusuna dəstək aksiyası ilə əlaqədar dindiriblər. Fəal qeyd edib ki, iyulun 20-də onu Sabunçu Rayon Polis İdarəsinə aparıb koronavirus yayma ittihamı irəli sürüb. Barəsində həbs qətimkan tədbiri seçiləndən sonra Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülən fəal koronavirus xəstəsi olmadığı üçün heç bir müalicə aparılmadığını bildirib.
2020-ci il iyulun 12-dən 16-dək Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində döyüşlər gedib, Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, daha 11 hərbi qulluqçu və 1 mülki şəxs şəhid olub.
İyulun 14-ü axşamdan iyulun 15-nə keçən gecəyədək Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb, toqquşma yaranıb. Rəsmi məlumata görə, bir neçə polis əməkdaşı bədən xəsarətləri alıb, xidməti avtomobillərə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.
Milli Məclisin birinci mərtəbəsində bir sıra dağıntılar törədildiyi, mülkiyyətə və inventara ziyan dəydiyi də bəyan olunub.
Baş Prokurorluğun İstintaq İdarəsi bu işin istintaqını qəsdən sağlamlığa az ağır zərər vurma; əmlakı qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmək ittihamları üzrə aparıb.
İstintaqı tamamlanan 37 təqsirləndirilən şəxsin 36-sı həbsdə saxlanıb. Tutulanların 15-i AXCP üzvü olub. 2020-ci il noyabrın 16-da Səbail Rayon Məhkəməsi 21 nəfəri, dekabrın 7-də 15 nəfəri ev dustaqlığına buraxıb.
Cəbhəçi Elvin Məmmədov polisin nəzarətindədir.
AXCP fəalı Ruslan Əmirov sonradan cinayət məsuliyyətinə alınıb. O, 2020-ci il oktyabrın 10-da polis nəzarətinə verilib.