İqtisadçı Qubad İbadoğlunun sədrlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatının İdarə Heyətinin toplantısı keçirilib. Müzakirəyə çıxarılan məsələlərdən biri işğaldan azad edilmiş ərazilərdə prezidentin xüsusi nümayəndəlikləri sisteminin tətbiqi olub. İdarə Heyəti üzvləri yeni strukturun yerli icra hakimiyyətlərinə paralellik yaradacağını və büdcə vəsaitlərinin izafi sərfinə gətirib çıxaracağını vurğulayıb, Qarabağda yerli idarəetmə islahatları aparmağı təklif ediblər.
İşğaldan azad olunmuş ərazilərdə prezidentin xüsusi nümayəndəlikləri dövlət başçısı İlham Əliyevin 19 yanvar fərmanı ilə yaradılıb.
İlham Əliyev yanvarın 27-də Aydın Zöhrab oğlu Kərimovu prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edib.
Fevralın 4-də prezidentin xüsusi nümayəndəlikləri haqqında əsasnamə təsdiqlənib. Əsasnamədə qeyd edilir ki, prezidentin xüsusi nümayəndəliyi işğaldan azad olunmuş ərazilərdə Prezident Administrasiyasının struktur bölməsidir.
Xüsusi nümayəndəlik müvafiq ərazidə yerləşir.
Nümayəndəliyin fəaliyyət istiqamətləri bunlardır: müvafiq ərazinin müəyyən edilmiş hədəflərə uyğun olaraq inkişafını təmin etmək; müvafiq ərazinin perspektiv inkişafı ilə bağlı hədəflərə nail olunması məqsədilə dövlət orqanlarının (qurumlarının), onların yerli bölmələrinin fəaliyyətini əlaqələndirmək; müvafiq ərazidə mülkiyyətin mühafizəsini, dövlət əmlakından səmərəli istifadəni, habelə sahibkarlıq, şəhərsalma, tikinti və digər sahələrdə fəaliyyətin həyata keçirilməsini təşkil etmək; prezidentin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək.
Xüsusi nümayəndəliyin strukturunu və ştat vahidlərinin sayını prezident müəyyən edir.
Prezidentin təyin etdiyi xüsusi nümayəndənin müavini ola bilər. Nümayəndə, onun müavini, xüsusi nümayəndəliyin əməkdaşları Prezident Administrasiyasının əməkdaşlarıdır.
Novator.az-ın məlumatına görə, iqtisadçı Rövşən Ağayevin şərhində qeyd olunur ki, xüsusi nümayəndəlik institutunun statusu suallar doğurur: “Bu qurumlar mərkəzi hakimiyyət orqanı deyil. Söhbət bölgə idarəçiliyindən gedirsə, rayonlarda yerli hakimiyyət institutu fəaliyyət göstərir. Konstitusiyada yerlərdə icra hakimiyyətini icra başçılarının həyata keçirməsi təsbit edilib. Onların birbaşa prezidentə tabeçiliyi nəzərdə tutulur.
Xüsusi nümayəndəlik faktiki olaraq ikipilləli yerli icra hakimiyyəti sisteminin yaradılmasıdır – ana qanunda nəzərdə tutulmayan bir sistem. Dünyada ikipilləli yerli özünüidarə institutu təcrübəsi geniş yayılıb, amma yerli icra hakimiyyətlərinin çoxpilləliyi çox az rast gəlinən təcrübədir.
Xüsusi nümayəndəliklər inzibati ərazi vahidləri (şəhərlər, rayonlar) üzrə yaradılır. Bizim qanunvericilikdə isə bu vahidlər üzrə yerli dövlət hakimiyyətinin forması kimi yerli icra hakimiyyətləri nəzərdə tutulur”.
Prezidentin xüsusi nümayəndəlikləri yaradılır
Şuşaya prezident nümayəndəsi təyin edildi
“Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirəcəyik”
Prezidentin xüsusi nümayəndəlikləri haqqında əsasnamə
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox qəsəbə və kəndi azad olunub.
Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb, dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.