Bakı Apellyasiya Məhkəməsi məhbus jurnalist Polad Aslanovun şikayəti üzrə prosesi başa çatdırıb. “Turan”ın məlumatına görə, fevralın 15-də keçirilən prosesdə ilkin məhkəmə instansiyasının hökmü qüvvədə saxlanıb.
Xeberman.com və Press-az.com saytlarının baş redaktoru olan Polad Aslanovu 2019-cu il iyunun 12-də Dövlət Təhlükəsizliyi Xidməti həbs edib, ona dövlətə xəyanət ittihamı verilib.
Rəsmi açıqlamaya görə, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə ölkədən kənarda məxfi görüşlər keçirib, maddi maraq müqabilində əməkdaşlığa cəlb edilib: “O, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında topladığı məlumatları Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlaması razılaşdırılıb”.
2020-ci il noyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistə 16 il azadlıqdan məhrumetmə cəzası kəsib.
Hökmdən Bakı Apellyasiya Məhkəməsinə şikayət edən Polad Aslanov fevralın 1-də keçirilən ilk prosesdə qanunsuz tutulub məhkum olunduğunu, hüquqlarının pozulduğunu vurğulayaraq aclıq aksiyasına başlayıb.
Bakı İstintaq Təcridxanasında saxlanan Polad Aslanov aksiyanı davam etdirir.