Fevralın 13-ü İtaliyada yeni hökumət fəaliyyətə başlayır. Prezident Serco Mattarella partiyasız Mario Draqinin baş nazirliyi ilə qurulan hökuməti ötən gün axşam rəsmiləşdirib.
Novator.az bildirir ki, hökumətdə 6 partiyanın təmsilçiləri və müstəqil şəxslər yer alır.
1947-ci il təvəllüdlü Mario Draqi iqtisadçı professordur. 2011-2019-cu illərdə Avropa Mərkəzi Bankının rəhbəri olub.
2018-ci il martın 4-də parlamentin Deputatlar Palatasına və Senata seçkidə Şimal Liqası ilə “5 ulduz” hərəkatı qalib gəlib. Həmin il iyunun 1-dən baş nazir postunu bu qurumların ortaq namizədi Cüzeppe Konte tutub.
2019-cu ilin avqust ayında Şimal Liqası koalisiyadan çıxıb, hökumət istefaya gedib. Sentyabrın 5-də Cüzeppe Konte yenidən hökumət qurub. “5 ulduz” hərəkatının, Demokrat Partiyasının, Azad və Bərabərlər Partiyasının təmsilçilərindən ibarət hökumətə daha sonra Yaşayan İtaliya Partiyası da qoşulub.
Bu il yanvarın 14-də Yaşayan İtaliya Partiyası koalisiyadan çıxıb, hökumət parlamentdə çoxluğu itirdiyi üçün Cüzeppe Konte yanvarın 26-da istefa verib.