Rusiya-Avropa qarşıdurması – “Reuters”
- 12 Fevral 2021
- comments
- Novator.az
- Posted in Dünyanın səsiManşetŞərh
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel Rusiyanı yeni sanksiyalarla üzləşəcəyi barədə xəbərdar edib.
Novator.az saytı “Reuters” agentliyinə istinadla xəbər verir ki, Avropa İttifaqının baş diplomatı sanksiyaların səbəbi kimi müxalif siyasətçi Aleksey Navalnının təqib olunmasını, həbs edilməsini göstərib.
Jozep Borrel bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinin hökuməti amansız, avtoritar və demokratiyadan qorxan hökumətdir.
Jozep Borrel ötən həftə Rusiya paytaxtı Moskvada səfərdə olub. O, xəbərdarlığını səfər vaxtı rəsmi Moskvanın diqqətinə çatdırıb. Borrellin sözlərinə görə, o, bir daha əmin olub ki, Rusiyanın məqsədi Avropa məkanından uzaq durmaq və Qərbi parçalamaqdır.
“Reuters” xəbər verir ki, Borrellin bu dəfəki açıqlaması onun 2014-cü ildə Rusiya Ukraynanın Krım bölgəsini ilhaq edəndə söylədiklərindən də sərt təsir bağışlayır.
“Rusiya iqtidarı artıq ciddi narahatlıq yaradan avtoritar yolla gedir” deyən Borrell Moskvada olarkən Navalnının azad edilməsi məsələsini gündəmə gətirdiyini, müxalif siyasətçini həbsxanada ziyarət etməyə cəhd göstərdiyini vurğulayıb.
Jozep Borrell bu həftə Avropa Parlamentində çıxış edərkən bildirib: “Deyəsən, bu ölkədə demokratik alternativlərə yer qalmayıb. Onlar hər cəhdin qarşısını xüsusi qəddarlıqla almağa çalışırlar”.
Kremlin demokratiyanı “ekzistensial təhlükə” kimi qəbul etdiyini vurğulayan Borrellin fikrincə, bütün bunlar Avropa İttifaqı ilə Rusiya arasında böyük gərginlik yaradıb.
Rusiyanın 2014-cü ildəki sanksiyalardan da ibrət götürmədiyini, Avropanın enerji resursları ilə zəngin bu ölkə ilə münasibətləri yaxşılaşdırmaq cəhdlərinə baxmayaraq Moskvanın münasibətləri daha da pisləşdirdiyini söyləyən Jozep Borrell əlavə edib: “Rusiya daima bizim sıramızı sarsıtmağa cəhd göstərir”.
Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədr müavini Vladimir Cabbarov bildirib ki, Borrellin çıxışı Avropadakı iqtisadi durğunluq, koronavirus pandemiyası fonunda emosional təsir bağışlayır: “Nədənsə Avropa İttifaqına elə gəlir ki, onlar bizim daxili işlərimizə qarışa bilərlər”.
Vladimir Cabbarov Rusiyanın sanksiyalar altında yaşamağa artıq vərdiş etdiyini söyləyərək əlavə edib ki, daha çox Avropa Rusiya ilə əməkdaşlıq edib iqtisadi problemlərinin həll olunmasında maraqlıdır.
Avropa İttifaqı liderlərinin işlərini koordinasiya edən mətbuat katibi Şarl Mişel Jozep Borrelli dəstəkləyib. O, Borrelin Moskva səfərində “aqressiv mövqe” tutmasını düzgün sayıb.
Şarl Mişel bəyan edib: “Avropa ittifaqını qorxutmaq olmaz!”
Navalnı məsələsi ilə əlaqədar Avropa İttifaqı ilə Rusiya arasında danışıqların getdiyi bir vaxtda rəsmi Moskva Avropa İttifaqının üzvü olan üç ölkənin – Almaniya, Polşa və İsveçin diplomatlarını Rusiyadan xaric edib.
Borrell bu barədə hələ Moskva səfəri başa çatmamış, sosial şəbəkədən xəbər tutub.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov avropalı diplomatların ölkədən qovulmasını əsaslandırarkən Avropa İttifaqını “etibarsız tərəfdaş” adlandırıb.
Avropa İttifaqı üzvlərinin baş verənlərlə bağlı birgə bəyanatında qeyd olunur ki, Kreml Borrelli Moskva səfərində alçaltmağa cəhd göstərib, diplomatları ölkədən çıxarmaqla Qərbin Rusiyanın daxili işlərinə qarışmamalı olduğuna işarə edib.
Avropa Parlamentinin bir sıra deputatları Borrelli tənqi edib, onu istefa verməyə çağırıblar.
Borrell deyib ki, Rusiyaya qarşı sanksiya variantları artıq hazırdır, lakin ittifaqa üzv olan ölkələr bundan sonra atılacaq siyasi addımları da düşünməlidir.
Aleksey Navalnının tərəfdaşlarından Vladimir Aşurkov və Leonid Volkov videozəng vasitəsilə Avropa İttifaqının nümayəndələri ilə əlaqə qurublar. Onlar Böyük Britaniya, ABŞ, Kanada, Ukrayna təmsilçiləri ilə danışıblar. Rusiyalı müxalifətçilər yüksək çinli məmurların, siyasətçilərin, məhkəmə və güc strukturlarında çalışan bəzi şəxslərin sanksiyalarla üzləşəcəyinə ümid etdiklərini vurğulayıblar.
Rəsmi Moskva bu çağırışları xəyanətkarlıq kimi qiymətləndirib.
İki Qərb diplomatı “Reuters”ə deyib ki, Volkovla Aşurkov sanksiyaların Rusiyada azadlıq hərəkatını aktivləşdirməsini istəyirlər. Diplomatların sözlərinə görə, Volkovla Aşurkov bildiriblər ki, sanksiyalar Rusiyadakı avtoritar rejimi taqətdən salmağa yönəlməlidir.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bu videzəngə münasibət bildirərkən deyib ki, Navalnının müttəfiqləri Rusiyada siyasi durumu dəyişmək üçün xaricdən təlimat alırlar.
Zaxarova Navalnının başçılıq etdiyi Korrupsiya ilə Mübarizə Fondunu NATO hərbi alyansının nəzarətində olan “casus şəbəkəsi” adlandırıb.
1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) müxtəlif strukturlarına rəhbərlik edib.
Korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən biri olub, “DA!” gənclər hərəkatının, “Xalq” hərəkatının yaranmasında iştirak edib.
Hazırda Aleksey Navalnı Gələcək Rusiya Partiyasının sədri, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəridir.
Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib.
Aleksey Navalnı 2020-ci il avqustun 20-də Rusiyanın Tomsk şəhərində zəhərlənib. Həmin gün o, paytaxt Moskvaya uçarkən özünü pis hiss edib, huşunu itirib, Omsk şəhərində təcili eniş zərurəti yaranıb. Omskda reanimasiya şöbəsinə yerləşdirilən Navalnı avqustun 22-də Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə olunub.
Müxalif siyasətçinin sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyi təsdiqlənib.
“Şarite” klinikasında müalicəsini sentyabrın 22-də başa vuran Navalnı bir müddət sonra bəyan edib ki, vətəninə qayıdacaq. Bu bəyanatdan dərhal sonra Rusiyada ona qarşı şərti həbs cəzasının sınaq müddəti ilə bağlı qaydalarını pozmaq ittihamı ilə cinayət işi açılıb.
2021-ci il yanvarın 17-də Almaniyadan vətənə dönən Aleksey Navalnı Moskvanın Şeremetyevo aeroportunda tutulub.
Yanvarın 18-də Ximki Şəhər Məhkəməsi sınaq müddəti qaydalarını pozması ittihamı ilə Navalnı barəsində 30 sutka həbs qətimkan tədbiri seçib.
Aleksey Navalnı paytaxt Moskvanın “Matrosskaya tişina” istintaq təcridxanasında saxlanır.
Ximki Şəhər Məhkəməsinin həbs qərarından bir gün sonra internetdə Aleksey Navalnının Rusiyanın Qara dəniz sahilində yerləşən dəbdəbəli malikanə haqda araşdırması yayılıb. “Putin üçün saray. Ən iri rüşvətin tarixçəsi” başlığı altında təqdim olunan araşdırmada malikanənin Rusiya prezidenti Vladimir Putinə məxsus olduğu iddia edilib.
Araşdırmanı Navalnının həmkarları yayıblar. Onlar Rusiya vətəndaşlarını Navalnının həbsinə biganə yanaşmamağa, etiraz aksiyaları keçirməyə səsləyiblər.
Tutulduğu gün Navalnı özü də rusiyalıları despot rejimi qarşısında susmayıb etirazlara qalxmağa səsləyib.
Yanvarın 23-dən Rusiyanın bir çox şəhərində və regionunda kütləvi etiraz aksiyaları start götürüb. Həmin gün və ayın 31-də keçirilən aksiyalarda əsas tələb Aleksey Navalnının azadlığa buraxılması olub.
Fevralın 2-də Moskva Şəhər Məhkəməsi Navalnını 2 il 8 ay müddətinə azadlıqdan məhrum edib. Hökm Cəzaların İcrası üzrə Federal Xidmətin iddiası əsasında çıxarılıb.
Xidmətin iddiasında bildirilib ki, Aleksey Navalnı 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilərkən məhkəmə qərarı ilə ona 5 il sınaq müddəti də təyin edilib. Sonradan isə sınaq müddəti daha bir il uzadılıb. Sınaq müddəti 2020-ci il dekabrın 30-dək qüvvədə olub.
Cəzaların İcrası üzrə Federal Xidmətin iddiasında vurğulanıb ki, sınaq müddəti başa çatanadək Navalnı hər ay iki dəfə müvafiq dövlət orqanında qeydiyyatdan keçməli idi, qayda belədir. Lakin Navalnı ötən ilin ikinci yarısından sonra qeydiyyatı aparan idarəyə gəlməyib.
Siyasətçinin müdafiəçiləri məhkəmənin diqqətinə çatdırıblar ki, Navalnı ötən ilin avqustunda zəhərlənib və Almaniyada müalicə olunub.
Cəzaların İcrası üzrə Federal Xidmətin təmsilçisi isə iddianı müdafiə edərək deyib ki, Navalnının Almaniyada müalicəsi sentyabr ayında başa çatıb, lakin bundan sonrakı dövrdə də o, qeydiyyatdan keçməli olduğu idarəyə gəlməyib.
Məhkəmə Navalnının 2020-ci ilin ikinci yarısında ən azı 6 dəfə qeydiyyatdan keçməli olduğu dövlət orqanına gəlmədiyini əsas götürərək Cəzaların İcrası üzrə Federal Xidmətin iddiasını təmin edib.
Mənbə: Reuters.com