Prezident İlham Əliyevin sədrlik etdiyi hakim Yeni Azərbaycan Partiyası 2020-ci ilin maliyyə hesabatında gəlirlərini 12 milyon 290 min manatdan çox göstərib. Novator.az bildirir ki, Mərkəzi Seçki Komissiyasına təqdim olunan rəsmi sənədə görə, gəlirin 10 milyon 346 min manatından çoxu üzvlük haqları, 1 milyon 942 min manatından çoxu dövlət büdcəsindən ayırmalar hesabına formalaşıb.
Siyasi partiyalar hər il aprelin 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına illik maliyyə hesabatı təqdim etməyə borcludur. Ədliyyə Nazirliyində 62 siyasi partiya dövlət qeydiyyatına alınıb.
Yeni Azərbaycan Partiyasının 2020-ci il hesabatına əsasən, 10 milyon 527 min manatı ötən xərcin 7 milyon manatından çoxu partiyanın saxlanmasına və informasiya təminatına, 2 milyon manatından çoxu cari işlərə, 347 min manatından çoxu ictimaiyyətlə əlaqələr və seçkilərə, qalanı başqa istiqamətlərə sərf olunub.
Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də yaradılıb. İlk sədri Heydər Əliyev olub.