Fevralın 11-də İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İCESCO) elan etdiyi “Qadınlar ili” çərçivəsində video formatlı tədbir keçirilib. Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününə həsr olunmuş tədbirə birinci vitse-prezident Mehriban Əliyeva da qatılıb.
AZƏRTAC-ın məlumatına görə, Mehriban Əliyeva çıxışında deyib ki, Azərbaycan 1918-ci ildə qadınlara seçmək və seçilmək hüququnu verən ilk ölkələrdən biri olub: “Qızların təhsilinə gəldikdə, müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbini azərbaycanlı xeyriyyəçi Zeynalabdin Tağıyev 1901-ci ildə mənim doğulduğum Bakı şəhərində yaradıb.
Bu gün Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Qadınlar ölkəmizin ali təhsil ocaqlarında magistrlərin 54 faizini, fəlsəfə doktorlarının 51 faizini, elmlər doktoru dərəcəsinə malik olanların 46 faizini və elmi tədqiqatçıların 56 faizini təşkil edir. Azərbaycan Milli Elmlər Akademiyasının ümumi kollektivinin 59 faizi qadınlardan ibarətdir.
Sürətlə dəyişən dünyamızda qızların təhsili və onların elm sahəsində iştirakı yeni çağırışlara müvafiq olmalıdır. Dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Bizim ölkədə bu rəqəm 40 faizdir, yəni orta dünya göstəricisindən artıqdır.
Bir çox azərbaycanlı qadın elmə böyük töhfələr verib və onlar elm sahəsi ilə məşğul olan qızlar və gənc xanımlar üçün əsl ilham mənbəyidir. Lakin bu gün ən vacib məsələ qızlar və gənc xanımların iştirak səviyyəsinin yaxşılaşdırılması üçün münbit şəraitin yaradılmasının davam etdirilməsi və elm sahəsində gender boşluğunun doldurulmasıdır.
Bir nümunə olaraq bu yaxınlarda BMT-nin İnkişaf Proqramı ilə bərabər başladığımız “Qadınlar elm, texnologiya, mühəndislik və riyaziyyatda” adlı mentorluq proqramını qeyd edə bilərəm. Burada məqsəd tələbə və gənc xanımların həmin sahədə uğur qazanmış nümunəvi şəxslərlə təmas yaratması və onlara təhsil və karyera sahəsində çağırışların öhdəsindən gəlmək üçün məsləhətlərin verilməsidir.
Elm, texnologiya və innovasiya dünyada cəmiyyətlərin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsidir. İCESCO-nun xoşməramlı səfiri qismində mən bütün üzv dövlətlərə bu sahələrə daha çox sərmayə yatırmağa, habelə zəruri siyasət və birgə fəaliyyət planları işləyib hazırlamağa dair çağırış edirəm. Biz qadınlar və qızların sabahın əmək bazarına lazımi bacarıqlara yiyələnmələri üçün innovativ maliyyə mexanizmləri yaratmalıyıq. Azərbaycan bu mənada öz töhfəsini verməyə hazırdır”.
Mehriban Əliyeva 1995-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğul olur. Yeni Azərbaycan Partiyası sədrinin müavini, Heydər Əliyev Fondunun prezidentidir. 2005, 2010, 2015-ci illərdə Milli Məclisin deputatı seçilib. 2017-ci il fevralın 21-də birinci vitse-prezident təyin edilib.