Fevralın 11-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində video formatlı iclas keçirilib. Açılış sessiyasında Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı, qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı, Azərbaycanın energetika naziri Pərviz Şahbazov danışıblar.
Cənub Qaz Dəhlizinin tamamlanmasına dair hesabat təqdim olunduqdan sonra nazirlər və nümayəndə heyətlərinin rəhbərləri məruzə ediblər.
İclasa 18 ölkənin nazirləri və digər yüksək səviyyəli nümayəndələri, 5 aparıcı beynəlxalq maliyyə qurumunun və 18 aparıcı şirkətin rəhbərləri qatılıb.
AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev iclasa qatılaraq çıxış edib. O, Cənub Qaz Dəhlizinin inşasının başa çatdırılması münasibətilə təbriklərini çatdırıb: “Ötən ilin sonuncu günü əlamətdar olub. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması tarixi nailiyyətdir. Əminəm ki, bizim birgə fəaliyyətimiz davam edəcək, çünki yeni plan və ideyalarımız var.
Mən bütün tərəfdaşlarımıza təşəkkürümü bildirmək istəyirəm. Bu nəhəng layihənin inşasında iştirak edən dövlətlər – Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya hökumətlərinə minnətdaram.
Avropa Komissiyasına təşəkkür edirəm, çünki Azərbaycan və Avropa Komissiyası 10 il əvvəl Bakıda Cənub Qaz Dəhlizinə dair birgə bəyanat imzalayıb. Bu, fəaliyyətimizin başlanğıc nöqtəsi idi. Bu 10 il ərzində biz Avropa Komissiyası ilə fəal şəkildə əməkdaşlıq etmişik və Azərbaycanla Avropa Komissiyası Məşvərət Şurasının həmsədrləridir.
Mən ABŞ və Böyük Britaniya hökumətlərinə təşəkkürümü bildirmək istəyirəm. Tərəfdaşlarımız olan hər iki ölkənin hökuməti bizim bütün təşəbbüslərimizi hər zaman dəstəkləyib, Azərbaycan və onun qonşuları və tərəfdaşları ilə birlikdə əvvəllər də uğurla həyata keçirdiyi müxtəlif nəhəng layihələrin icrası zamanı bizə çox güclü dəstək verib.
Əlbəttə, şirkətlər bu layihəyə güclü sadiqlik nümayiş etdirməsə idi, onun reallaşması mümkünsüz olardı. Burada həqiqətən də bu nəhəng enerji layihəsinin həyata keçirilməsi ilə bağlı vahid ideya ətrafında toplaşmış şirkətlərdən ibarət böyük bir qrup mövcuddur.
Aparıcı beynəlxalq maliyyə təsisatlarına – Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, Asiya İnkişaf Bankına, Avropa İnvestisiya Bankına və Asiya İnfrastruktur İnvestisiya Bankına təşəkkürümü bildirmək istəyirəm. Bu beş böyük beynəlxalq maliyyə institutu layihədə iştirak edib və onun həyata keçirilməsinə mühüm töhfələr verib.
Bu bir daha onu nümayiş etdirir ki, komanda şəklində aparılan iş yaxşı nəticə verir. Biz əhəmiyyətli irəliləyişə nail olmuşuq. Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu gün enerji təhlükəsizliyi bütün ölkələrin milli təhlükəsizlik məsələsidir. Enerjinin şaxələndirilməsi də istehlakçı və istehsalçı ölkələr üçün vacibdir. Beləliklə, zənnimcə, biz misilsiz əməkdaşlıq formatına nail olmuşuq. Düzgün hesablanmış maraqlar balansı var ki, burada istehsalçı olan Azərbaycanın maraqları tranzit və istehlakçı ölkələrin maraqları ilə üst-üstə düşür. Məhz bunun nəticəsində bəzilərinin o qədər də real hesab etmədikləri bir layihənin həyata keçirilməsi mümkün olub.
Cənub Qaz Dəhlizi layihəsinə nəzər saldıqda, onun bir çox parametrlər üzrə çox nadir olduğunu görə bilərik. Onun uzunluğu 3500 kilometrdir və layihə 7 ölkəni birləşdirir. Həmin ölkələr arasında sıx əməkdaşlıq olmasa idi, onu reallaşdırmaq mümkünsüz olardı. Boru xətti çox mürəkkəb coğrafi məkanlardan, hündürlüyü 2500 metr olan dağlardan, 100 kilometrdən artıq hissəsi isə Adriatik dənizinin dibindən keçir. Cənub Qaz Dəhlizi ən yüksək ekoloji standartlara cavab verir.
Layihənin dəyərinə gəldikdə, ilkin olaraq dəyər 44,6 milyard dollar məbləğində hesablanmışdı. Lakin səmərəli idarəçilik və düzgün planlaşdırma nəticəsində layihənin dəyəri 33 milyard dollara endi. Bunun özü əhəmiyyətli bir nailiyyətdir. Çünki adətən tikinti layihələrinin icrası zamanı dəyər azalmır, əksinə, artır. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan layihəyə 10 milyard dollar həcmində əhəmiyyətli maliyyə töhfəsi verib və biz Cənub Qaz Dəhlizinin həyata keçirilməsinin hər dörd seqmentində – “Şahdəniz”, Cənubi Qafqaz boru kəməri, TANAP və TAP-da iştirak etmişik. Bunların hamısı bizim komanda şəklində işləməyimizin təzahürüdür.
Cənub Qaz Dəhlizinin başa çatdırılmasını qeyd etdiyimiz bir vaxtda biz gələcəyə baxmalı, yeni plan və ideyalar üzərində işləməliyik. Ümid edirəm ki, pandemiya bitdikdən sonra biz yenidən Bakıda görüşə biləcəyik, çünki Bakı ənənəvi olaraq Məşvərət Şurasının toplantılarının keçirildiyi şəhərdir”.