Fevralın 18-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan göndərilən şikayətlər üzrə qərarlarını açıqlayacaq. Novator.az hüquqşünas Xalid Ağalıyevə istinadla bildirir ki, “Nida” Vətəndaş Hərəkatının fəalları olmuş Məmməd Əzizov və Şahin Novruzlunun şikayətlərində həbsin və həbs müddətinin uzadılmasının qanunsuzluğu vurğulanır. Ərizəçilər Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan hüquqlarına müdaxilə olunduğunu iddia edirlər.
Gənclər 2013-cü ildə tutulub, Məmməd Əzizov 7 il 6 ay, Şahin Novruzlu 6 il azadlıqdan məhrum edilib, bir müddət sonra onlar əfv sərəncamı ilə azadlığa çıxıblar.
Fəallar Rəşad Həsənov, Rəşadət Axundov, Zaur Qurbanlı, Üzeyir Məmmədli, Bəxtiyar Quliyev, İlkin Rüstəmzadə ilə birgə əsasən kütləvi iğtişaş təşkil etmə cəhdində təqsirli biliniblər.
Fatma Qəniyeva və başqa 17 nəfərin 2009-cu ildə göndərilmiş şikayəti mülkiyyət hüququ ilə əlaqəlidir. Sabunçu rayonundakı bağ sahələrinin əllərindən alındığını bildirən ərizəçilər mülkiyyət və ədalətli məhkəmə araşdırması hüquqularına müdaxilə olunduğunu vurğulayırlar.
İlqar Feyzov şikayətində iddia edir ki, məhkəmə qərarı olmadan günlərlə həbsdə saxlanıb. Ərizəçi azadlıq və toxunulmazlıq hüququna müdaxilə edildiyini bildirir.