Fevralın 10-da Xətai Rayon Məhkəməsi AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimovun cinayət işi üzrə qərar çıxarıb. Novator.az-ın məlumatına görə, məhkəmə ona 1 il 6 ay müddətinə azadlıqdan şərti məhrumetmə cəzası kəsib. İttihama əsasən, Mehdi İbrahimov koronavirus xəstəsi ola-ola evdən çıxıb və epidemiyanın yayılması üçün real təhlükə yaradıb.
2020-ci il iyulun 14-ü axşamdan iyulun 15-nə keçən gecəyədək Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb, toqquşma yaranıb. Rəsmi məlumata görə, bir neçə polis əməkdaşı bədən xəsarətləri alıb, xidməti avtomobillərə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.
Milli Məclisin birinci mərtəbəsində bir sıra dağıntılar törədildiyi, mülkiyyətə və inventara ziyan dəydiyi də bəyan olunub.
Baş Prokurorluğun İstintaq İdarəsi bu işin istintaqını qəsdən sağlamlığa az ağır zərər vurma; əmlakı qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmək ittihamları üzrə aparıb.
14-15 iyul aksiyasına Mehdi İbrahimov da qoşulub, evə qayıtmaq istəyəndə yolda saxlanaraq Xətai Rayon Polis İdarəsinin 37-ci şöbəsinə aparılıb.
İyulun 22-də Mehdi İbrahimova Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi qaldırılıb. Onun koronavirus xəstəsi ola-ola evdən çıxdığı iddia olunub. Xətai Rayon Məhkəməsi Mehdi İbrahimov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib və o, İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə yerləşdirilib. Avqustun 19-da Xətai Rayon Məhkəməsi Mehdi İbrahimovu ev dustaqlığına buraxıb.