Ermənistanda hərbi çağırışçıların Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə göndərilməsi tam dayandırılıb. Novator.az bildirir ki, xəbəri fevralın 9-da hərbi dairələrə istinadla Armeniasputnik.am saytı yayıb.
Məlumata görə, fevralın 1-dən başlanan qış çağırışı zamanı ermənistanlı gənclər müddətli hərbi qulluq üçün yalnız ölkədəki hissələrin sərəncamına göndərilir, püşklə seçim siyahısında Dağlıq Qarabağ ərazisi yer almır.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın Dağlıq Qarabağ vilayətini və onun ətrafındakı bölgələrin böyük qismini işğal edib, ərazilərdə özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran rejim qurub.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, 4 qəsəbə və 286 kənd azad olunub.
Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar.
Bəyanata əsasən, noyabrın 10-dan Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar dayandırılıb.
Dağlıq Qarabağa və bu bölgəni Ermənistanla birləşdirən Laçın yoluna beş il müddətinə Rusiyanın hərbi kontingenti yeridilib.
Ermənistan dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi ermənilərin, Laçın şəhəri və rayonun bir neçə kəndi Rusiya hərbçilərinin nəzarətində qalıb.