ABŞ-ın “NBC News” kanalının internet səhifəsində koronavirusun ehtimal edilən yeni simptomu haqda yazı dərc olunub. Novator.az saytı yazını ingiliscədən çevirərək təqdim edir.
Koronavirusun qəribə əlamətləri siyahısına biri də əlavə oluna bilər: dilin rənginin dəyişməsi, şişməsi və ağız boşluğunda digər problemlərin yaranması.
London Kral Kollecinin genetik epidemiologiya üzrə professoru Tim Spektor buna “COVİD dili” simptomu adını verib.
Professor deyib ki, virusa yoluxmuş bəzi insanların yeni şikayətləri ilə üzləşib: pasiyentlər dilin rənginin dəyişməsindən, şişməsindən və ağız boşluğundakı başqa problemlərdən əziyyət çəkdiklərini bildiriblər.
Koronavirusun dildə, ağız boşluğunda qəribə yaraları çoxaltdığını açıqlayan Tim Spektor “Twitter” səhifəsində yazıb: “Belə qəribə simptomlarınız varsa, yaxud sadəcə başınız ağrıyırsa, özünüzü yorğun hiss edirsinizsə, evdə qalın!”
Tim Spektorun sözlərinə görə, koronavirus xəstələrinin 35 faizində xəstəliyin ilk üç günündə qəribə əlamətlər aşkar olunur, buna görə də dəri töküntülərinə, ayaq barmaqlarındakı dəyişikliklərə, həmçinin “gözardı edilən” digər təhlükəli əlamətlərə xüsusi diqqət yetirmək vacibdir.
Professor hər 500 pasiyentdən birində “COVİD dili” simptomuna rast gəlindiyini açıqlayıb. Əsas şikayətlər dilin ağ və ya sarı, təmizlənməsi mümkünsüz “tüklü” ərplə örtülməsi, bəzən dilin ağrıması hallarındandır.
Tim Spektor özündə hər hansı koronavirus simptomu aşkar edən şəxsin şikayətlərini çatdıra bilməsi üçün “ZOE COVİD simptomları araşdırması” adlı mobil tətbiq yaradıb.
Professor “NBC News”a açıqlamasında deyib ki, koronavirusun tək klassik simptomlarla deyil, həm də çoxlu başqa əlamətlə meydana çıxması əslində yaxşıdır. Amma simptomların bu qədər çox olmasının səbəbi bəlli deyil. Faktların sayı az olduğu üçün “COVİD dili”ni rəsmi simptomlar siyahısına əlavə etmək tezdir. Lakin belə simptomlarla qarşılaşan diş həkimləri, çənə cərrahları, eləcə də ağıziçi müayinə aparan digər həkimlər bilməldirlər ki, bunlar virusun ilkin əlamətlərindən ola bilər.
Dildə, ağızda koronavirus simptomları aşkarladıqarını başqa tədqiqatçılar da söyləyiblər.
“British Journal of Dermatology” tibb jurnalında çap edilən araşdırmaya görə, İspaniyada COVİD-19-a yoluxmuş 666 pasiyentin 78-də ağız boşluğu problemi olub. Həmin 78 pasiyentin 11 faizinin dil səthində qabarcıqlı iltihab, 6 faizində dil şişkinliyi və dilin yan tərəflərində iltihablı çıxıntılar, digər 6 faizində ağıziçi yaralar, 4 faizinin dilinin üstündə kələ-kötürlük, 4 faizində isə ağıziçi toxuma şişkinliyi aşkarlanıb.
Alimlərin fikrincə, virusa yoluxma riskinin qarşısını almaq üçün ağız boşluğu xüsusi müayinə olunmalıdır.
Dil və ağız boşluğu problemləri ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) COVİD-19 simptomları siyahısında yer almır, buna səbəb mərkəzin koronavirus araşdırmalarını hələ davam etdirməsidir.
İybilmə və dadbilmə hissinin itməsi də əvvəllər qəribə simptom sayılırdı, amma indi ümumi əlamətlər sırasında yer alır.
“COVİD dili” kimi rəsmi siyahıda olmayan başqa simptomlar da var. Məsələn, bəzi pasiyentlərin dərilərində qaşınmalar olur, onlara elə gəlir ki, sanki dərilərində qarışqa gəzir.
ABŞ-ın Naşvil şəhərindəki Vanderbilt Tibb Məktəbinin infeksion xəstəliklər üzrə professoru Uilyam Şafner “COVİD dili” simptomu haqqında eşitdiyini, lakin hələ belə halla rastlaşmadığını deyib: “Ola bilməz ki, ağız koronavirusa həssas olsun, bəlkə də COVİD-19 herpes virusuna qarşı immunitetin güclənməsinə şərait yaradır”.
Şafnerin fikrincə, tədqiqatçılar ağız boşluğu və dil probleminin həqiqətən COVİD-19-la əlaqəli olub-olmadığını dəqiqləşdirməlidirlər.
Nyu-Yorkdakı Maunt Sinay Mərkəzinin baş infeksionisti Valid Cavaid söyləyib ki, insanlar müxtəlif xəstəliklərə fərqli reaksiyalar verirlər. O, çox az adamda rast gəlinən “COVİD dili” simptomuna koronavirus diaqnozu qoymaq üçün bir vasitə kimi baxmır.
Amerika Diş Assosiasiyası pandemiya başlanandan COVİD-19 xəstələrinin üzləşdiyi dil və ağız problemlərini izləyir. Assosiasiyanın açıqlamasında deyilir: “Ağız boşluğunun sağlamlığı ümumi sağlamlığın vacib və həyati bir hissəsidir. Amerika Diş Assosiasiyası koronavirus infeksiyası ilə ağız boşluğu arasındakı əlaqəni araşdırmağa davam edir”.
Amerika Otolarinqologiya-Baş və Boyun Cərrahiyyəsi Akademiyası isə COVİD-19 xəstələrində ağız və dil problemləri ilə bağlı şikayətlərə rast gəlmədiklərini bəyan edib.
Mənbə: NBCnews.com